Paşinyanla Putin bizi sevindirən addımı atırlar

Ermənistan Baş naziri Nikol Paşinyanın Rusiya Prezidenti Vladimir Putinlə siyasi atışması davam edir. Tərəflər vaxtaşırı bir-birini hədəf alan açıqlamalar verirlər. Son günlər müəyyən yumşalma hiss olunsa da, gərginliyin davam edəcəyi bəllidir.

Maraqlıdır, Paşinyanla Putinin davasının açıq müstəviyə keçməsi nədən xəbər verir?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Əhəd Məmmədli deyib ki, Putin və Paşinyanın siyasi mübahisələri şübhəlidir:

“İllərdir Azərbaycanın ərazi bütövlüyünü tanıdığını deyən ölkələrin əməldə fərqli şeylər etdiyini gördük. Rusiya da bu ölkələrdəndir. Prezident Vladimir Putin son çıxışlarında Paşinyana xitabən deyib ki, Ermənistan özü Qarabağı Azərbaycan ərazisi kimi tanıdı. Sual yaranır: Azərbaycan torpaqlarını işğaldan azad etmək qərarına gəlməsəydi, Rusiya bu işğalı tanıyacaqdı?

Əhəd Məmmədli

Ümumiyyətlə, Putinin bu çıxışı qərəzlidir və Azərbaycan-Rusiya münasibətlərinə zərər vura bilər. Ermənistan Baş naziri Nikol Paşinyan da Azərbaycanın ərazi bütövlüyünü tanıdığını desə də, sərgilədiyi mövqe ilə riyakarlığını göstərir.

Azərbaycan 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində ərazi bütövlüyünü bərpa etdi. Bunun xaricində Rusiya-Ermənistan arasında baş verən hadisələr bizi o qədər də maraqlandırmır, lakin aralarında gərginlik olması maraqlarımıza uyğundur. Hesab edirəm, gərginlik hələ bir müddət davam edəcək”.

Turan Rzayev
Globalinfo.az