Paşinyanın Azərbaycandan istədiyi kəndlər və yüksəkliklər – FOTO

Ermənistan Baş naziri Nikol Paşinyan 4 kəndi Azərbaycana qaytarmağa hazır olduğunu bildirir. Lakin əvəzində Azərbaycan Ordusunun sərhəddəki strateji yüksəkliklərdən çəkilməsini istəyib.

Paşinyanın istədiyi sözügedən yüksəkliklər harada yerləşir? Ümumiyyətlə, kəndlərin qaytarılması mövzusu nə dərəcədə realdır?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan siyasi şərhçi Əziz Əlibəyli qeyd edib ki, Ermənistanın paylaşdığı xəritə ilə Baş nazir Nikol Paşinyan 31 kəndin və 170 kvadratmetr ərazinin Azərbaycanın nəzarətinə (və ya əlinə) keçdiyini açıqlayıb:

“Ermənistan bu iddialarla sülh prosesinə zərbə vurmağı hədəfləyir – desək, bu, ümumi yanaşmadır. Amma konkret nəyi hədəfləyir?

Bax, bunu anlamaq üçün iki detalı bölüşmək lazımdır;

1.Ermənistan Təhlükəsizlik Şurasının rəhbəri deyib ki, Fransa bizə çox modern silahlar verib. Açığı, adamın ağlına nüvə silahından başqa nəsə gəlmir.

2.Niyə 31 kənd məsələsi ortalığa atılır?

Çünki proseslər Qazaxın 7 kəndinin və Kərkinin qaytarılması ilə bağlı Azərbaycanın artan real tələblərinə adekvat cavab vermək və bununla da sülhdən qaçıb, Fransadan aldığı silahları işə salmaq hədəflənir.

Bəs, 31 kəndin əsl hekayəsi nədir?

Deməli, son müharibədən sonra GPS ilə müəyyənləşən yeni postlarımız elə zonalara düşür ki, orada mütləq erməni kəndi var: Cermux, Qafan aeroportu kimi nümunələr çoxdur.

Çünki faktiki sərhədin olmamasından istifadə edib, Azərbaycan torpaqlarını öz əraziləri kimi istifadə ediblər. İndi torpağın sahibi gəlib və adamlar dünyaya car çəkirlər ki, 31 kəndimizi Azərbaycan nəzarət altına alıb”.

Siyasi şərhçinin sözlərinə görə, Paşinyan bəzi tarixi kəndlərimizə iddia edir:

“O deyir ki, guya həmin kəndləri Azərbaycan nəzarətə götürüb. Birincisi Bibiş kəndi (ermənilər Berbaker deyir – red.), ikincisi Lələkənd (Vazaşen), üçüncüsü Uzuntala kəndi (Ayqeovit), dördüncüsü Tatlı kəndidir. Bu kəndlərin etimologiyasına baxdıqda Azərbaycana aid olduğu görünür. 1978-79-cu ilə qədər belə adlandırılıb.

Ermənistan-Gürcüstan yolu Qazaxın işğaldakı kəndindən keçir. Naxçıvanın Kərki kəndi isə İran-Ermənistan yolunun üzərində yerləşir. Bu baxımdan sözügedən kəndlər böyük strateji əhəmiyyət daşıyır”.

Safura Bənnayeva
Globalinfo.az