Paşinyanın açıqlamalarının şifrələri – İki supergüc üz-üzə gəlir

Nikol Paşinyanın 44 günlük müharibəni araşdıran istintaq komissiyasındakı sensasion açıqlamaları həm Azərbaycan, həm də Ermənistan ictimaiyyətində maraqla qarşılanıb.

O, çıxışında müharibə müddətində atəşkəs üçün danışıqlar, ilkin şərtlər, Rusiyanın vasitəçilik üçün təklifinin detalları və bu məsələdə mövqeyi, Şuşanın azad olunması və s. kimi məsələlərə toxunub. Onun açıqlamaları erməni ictimaiyyətində zəlzələ effekti yaradıb. Paşinyan 44 günlük müharibə ilə bağlı danışarkən Silahlı Qüvvələrin Baş Qərargah rəisi, bir sıra ordu rəsmiləri, Ermənistanın keçmiş prezidentlərini günahlandırıb.

Bəs onun bu açıqlamalarını nə dərəcədə reallığa uyğun hesab etmək olar? Hazırkı proseslər fonunda bu çıxış necə qiymətləndirilməlidir?

Mövzunu Globalinfo.az-a dəyərləndirən siyasi şərhçi Aqşin Kərimov Ermənistan baş nazirinin çıxışında bir neçə məsələyə diqqət edilməli olduğunu bildirib:

“Nikol Paşinyanın açıqlamalarının məzmunu texniki olaraq yeni informasiyalar sayıla bilər, mahiyyət olaraq isə orada informativlik baxımından qeyri-adi və təəccübə səbəb olacaq bir şey görmürəm. Lakin Paşinyanın məsələni niyə indi ictimailəşdirdiyi sualları ətrafında fikir bildirərkən 4 versiyanı qeyd etmək olar.

Birinci, Paşinyan ola bilsin ki, hazırda Azərbaycanla Ermənistan arasındakı danışıqların gizli tərəflərini pozmağa meyillidir. İkinci, Paşinyan, məsələn, Rusiya sülhməramlılarının Mehridə yerləşdirilməsi istəklərini xatırlatmaqla Rusiyanın gələcək proseslərdən istəklərini dilə gətirir. Üçüncü, Paşinyan erməni cəmiyyətini gələcək hadisələrə hazırlayır, prosesdə ölkəsinin perspektiv məğlubiyyətinin əsas səbəbinin Rusiya olduğuna inandırmaq istəyir. Dördüncü, Paşinyan Qərbin strateji xəttini müdafiə edərək, ondan “siz gəlməsəniz Rusiya burda oturacaq” yardımı dilənir”.

“Paşinyanın açıqlamaları Azərbaycan-Ermənistan sülh gündəliyinin sərhəddəki toqquşmalar səbəbi ilə sürüşdüyü zamana təsadüf etməsi də maraq kəsb edir.

Hər halda, keçmişlə gələcəyi qurmaq meyilləri Paşinyanın açıqlamalarında hiss olunur, ancaq sərhəddəki atışmalardan dolayı, İrəvanın xoşbəxt gələcək inşa edəcəyini söyləmək çətindir”-deyə, o bildirib.

Ayşən Mustafa
Globalinfo.az