“Boz kardinal” Rusiyaya gedir – Zəngəzur ətrafında gərginlik artır

İrəvan Rusiya ilə Ermənistan arasında KTMT fonunda yaranan gərginliyi yavaş-yavaş azaltmağa çalışır.

Globalinfo.az xəbər verir ki, rəsmi İrəvan deputatlarını Moskvaya göndərmək qərarına gəlib.

Deputatların KTMT-nin parlamentlərinin müdafiə və təhlükəsizlik komitəsinin sədrlərinin koordinasiya şurasının iclasında iştirak edəcəyi vurğulanıb. Diqqət çəkən məqam isə Moskvaya gedəcək heyətə Kremlin heç də xoş yanaşmadığı simaların daxil edilməsidir.

Belə ki, Rusiyaya yollanacaq heyətin tərkibində xüsusilə Paşinyana yaxınlığı ilə seçilən və Mülki Müqavilə Partiyasının “boz kardinal”ı sayılan Andranik Köçəryanın da yer alacağı gözlənilir. Köçəryanla bərabər siyahıda anti-Rusiya mövqeyinə sahib Eduar Ağacanyan da var. Bu da Paşinyanın Rusiya ilə münasibətləri heç də yoluna qoymaq istəmədiyini deməyə əsas verir.

Maraqlı məqam isə bu səfərdən öncə erməni katalikosu II Qareginin bu gün Britaniyaya yola düşməsi olub. Rusiyaya yaxınlığı ilə seçilən Qareginin Londonda hansı müzakirələri aparacağı açıqlanmayıb. Bununla belə, onun Londonda Qarabağ məsələsini gündəmə gətirəcəyi ehtimal edilib.

KTMT ilə bağlı yaranan gərginlik fonunda Rusiya həmçinin Avropa Birliyinin mülki missiyasına qarşı təbliğatı da artırıb. Üstəlik, Moskvada bu missiyanın yarıhərbi xarakterli olacağı ilə bağlı şübhələr də artmağa başlayıb ki, bu da Kremlin İrəvandakı mövcudluğunu azalda bilər.

Yaşananların fonunda ən maraqlı iddia ilə erməni politoloq Stepan Daniyelyan çıxış edib. O, AB mülki missiyasının əsasən Zəngəzura yerləşdiriləcəyini, bununla Zəngəzur uğrunda savaşın bir qədər də böyüyəcəyini bildirib.

“İndi biz Zəngəzurda AB, daha dəqiq desək, ABŞ-ın yarımhərbi mövcudluğunu görürük. Burada həmçinin Rusiya hərbi bazası və dayaq məntəqələri var. İranın da mövqeyi göz qabağındadır”, – S.Daniyelyan deyib.

İlkin Həsənov
Globalinfo.az