Paşinyandan Putinə xoşagəlməz hədiyyə – Elə bir addım müzakirə olunur ki…

“Bir müddətdir hökumətdə Ermənistanın KTMT-dən çıxmasının Rusiyada prezident seçkilərinin keçirildiyi gün elan edilməsi fikri müzakirə olunur”. 

Globalinfo.az xəbər verir ki, bu iddia ilə Ermənistanın “Fakt” nəşri çıxış edib.

Məlumata görə, son günlərdə İrəvandan Moskvaya iki məktub göndərilib. Bunlardan biri Rusiya sərhədçilərinin Zvatnots hava limanından çıxarılması, digər isə Ermənistanın KTMT-dən ayrılma və qalma şərtlərinin müəyyən edilməsi ilə bağlıdır.

Nəşr bildirir ki, hökumətdə Ermənistanın KTMT-dən çıxmasına dair məlumatın Rusiyada prezident seçkilərinin keçiriləcəyi gün elan edilməsi fikri intensiv şəkildə müzakirə olunur. İddia edilir ki, hökumətin Qərbmeyilli nümayəndələri bunun Vladimir Putinə əsl “hədiyyə” olacağını düşünürlər.

Lakin baş nazir Nikol Paşinyanın bu xəbəri elan edəcəyi təqdirdə sərhəddə gözlənilməz eskalasiya baş verməsindən ehtiyat edilir.

Qeyd edək ki, Rusiyada prezident seçkiləri martın 17-də keçiriləcək.

Ayşən Mustafa
Globalinfo.az