Uzun müddətdir, Rusiya-Ermənistan münasibətlərində gərginlik müşahidə edilirdi. Bu gərginlik fonunda Rusiya Prezidenti Vladimir Putinin avqustun 18-də Bakıya səfəri, Prezident İlham Əliyevlə apardıqları müzakirələr barədə Ermənistan Baş naziri Nikol Paşinyana məlumat verməsi kimi addımlar birmənalı qarşılanmadı. Hətta iki dövlətin münasibətlərinin yenidən normallaşdığını iddia edənlər də var.
Bu nə qədər realdır? Paşinyan Rusiya oxuna qayıtsa, Qərbdən nə kimi reaksiya görər?
Globalinfo.az-a danışan politoloq Fərhad Məmmədov deyib ki, Nikol Paşinyan gələcəkdə Rusiyadan ayrılmaq üçün sistemli addımlar atmağa hazırlaşır:
“Ermənistan bu istiqamətdə əvvəlcə Aİ ilə yaxınlaşmaq, daha sonra isə təhlükəsizliyini təmin etmək üçün Qərb ölkələri ilə əməkdaşlığını gücləndirməyə çalışır. Rusiya ilə ziddiyyətli məqamlar var. Belə ki, Paşinyan hakimiyyəti Ermənistan daxilində anti-Rusiya təbliğatı aparır. Ermənistanda müxalifət əsasən rusiyapərəstdir. Eyni zamanda iqtisadi baxımdan sıx münasibətləri var və bu, ticarət dövriyyəsini artırmağa imkan verir. Bununla belə, Ermənistanın Rusiya ilə münasibətləri yenidən normallaşdırdığını və Qərbə meyl etməkdən vazkeçdiyini söyləmək doğru olmazdı”.
Fərhad Məmmədov
Politoloqun sözlərinə görə, Ermənistan KTMT və Aİİ-dan çıxmamaqla əslində Rusiyanın qırmızı xəttini keçməmiş oldu:
“Rəsmi İrəvan bu gün Qərblə də münasibətlərini dərinləşdirir. Rusiyanın resursları məhdud olduğu üçün Paşinyanın bu addımlarını cavabsız qoyur. Hazırda Rusiya da Ermənistandan asılı vəziyyətdədir. Belə ki, Moskvanın qızıl, almaz ixracında Ermənistan çox önəmli rol oynadığı üçün bundan imtina etmək iqtisadiyyatın iki böyük maliyyə gətirən sahələrini ziyana salmaq deməkdir”.
Safura Bənnayeva
Globalinfo.az