Paşinyan nəyi gizlədir? – Erməni baş nazir ifşa oldu

“Ermənistan Baş naziri Nikol Paşinyan dünən mətbuat konfransı keçirdi. O, bir gün əvvəl bildirmişdi ki, əvvəlcədən hazırlanmış suallar cavablandırılmayacaq və müzakirələr ancaq “tet-a-tet” olacaq”.

Globalinfo.az xəbər verir ki, bunu siyasi şərhçi Kənan Novruzov deyib.

Onun sözlərinə görə, Ermənistan Jurnalistlər Birliyi dünən hökumət başçısını tənqid edib:

“Media nümayəndələri bildiriblər ki, hökumət başçısının ayrı-seçkiliyi onun demokrat olmadığının, mətbuat azadlığı prinsiplərinə zidd davranışının təzahürüdür.

Paşinyan siyasətə gəlməzdən əvvəl jurnalistika ilə məşğul olub. İndi onun bu cür addım atması ilk növbədə Paşinyanın bacarıqsızlığından xəbər verir. Görünür, o, bir jurnalist kimi medianın qlobal problemlərindən ya məlumatsızdır, ya da bilərəkdən həmin nöqsanları düzəltmək istəmir.

İkincisi, Paşinyan başqa vaxt ölkəsindəki demokratiyadan ağızdolusu danışır. Jurnalistlərin sözügedən etirazı göstərdi ki, Ermənistanda demokratiyadan, o cümlədən söz və mətbuat azadlığından əsər-əlamət yoxdur.

Üçüncüsü, dövlətin əsas sütunlarından biri olan mətbuat nümayəndələrinin xeyli hissəsinin dilə gəlməsi göstərir ki, onlar da mövcud hakimiyyətin siyasətindən razı deyillər”.

K.Novruzov mühüm məqamlardan biri olaraq qeyd edib ki, Paşinyanın mətbuat konfransında jurnalistlərin iştirakı ilə bağlı məhdudiyyəti onun mediadan nələrsə gizlətdiyini göstərir:

“Görünür, hökumət başçısı təkcə hakimiyyətə yaxın jurnalistlərin tədbirdə iştirak etməsinə şərait yaratmaqla, əslində, ictimaiyyətin yox, öz maraqlarının təmin olunmasına çalışıb”.

Gülnar Səlimova
Globalinfo.az