
“Hayeli Armenia” və bir neçə Teleqram kanalı iddia edir ki, Ermənistan Baş naziri Nikol Paşinyan Tallindəki “Radisson” otelinin qapalı zalında Türkiyə Milli Kəşfiyyat Xidmətinin (MİT) rəhbəri İbrahim Kalın və Britaniya kəşfiyyatının rəhbəri (Mİ6) Riçard Murla gizli görüş keçirib.
Görüşdə hansı mövzular müzakirə edilə bilər?
Globalinfo.az-a danışan britaniyalı politoloq Neil Vatson deyib ki, qarşılıqlı maraq kəsb edən bu danışıqlarda Rusiya mövzusunun müzakirə edilməsi mümkündür:
“Rusiya ABŞ-la danışıqlar nəticəsində, görünür, bəzi məqsədlərinə çatıb. Buna görə bəzi ölkələri Rusiyanın təsir dairəsinə qayıtmağa məcbur etmək üçün müəyyən addımlar atmaqda kifayət qədər özgüvənli ola bilər. Onilliklər ərzində Ermənistan Cənubi Qafqazda Rusiyanın “forpost” ölkəsi olub, ancaq Paşinyanın dövründə ondan uzaqlaşıb. Rusiya, şübhəsiz ki, erməni ictimai rəyini öz xeyrinə dəyişməyə çalışır və Ermənistanın buna qarşı Türkiyə və Böyük Britaniyanın dəstəyinə ehtiyacı ola bilər.
İkincisi, Ərdoğanın dövründə Rusiyanın hər vəchlə qarşısını almağa çalışdığı Turan konsepsiyasına nail olundu. Türk dünyasında müxtəlif çevriliş cəhdlərində də gördüyümüz kimi, Rusiya pantürkizm birliyini pozmağa və bir çox keçmiş sovet türk respublikalarını öz təsir dairəsinə qaytarmağa çalışır”.

Neil Vatson
Politoloq qeyd edib ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması Cənubi Qafqazda birliyi gücləndirəcək və regionun Rusiyanın təsir dairəsindən çıxaraq Qərblə bağlantısını artıracaq:
“Və nəhayət, ABŞ Ukrayna münaqişəsində qarşılıqlı faydalı “sövdələşmə” əldə etmək üçün Rusiya ilə birgə fəaliyyət göstərdiyinə görə Böyük Britaniya gələcəkdə ABŞ-a arxalana bilməyəcəyi üçün özünü təcrid olunmuş hiss edir.
Təbii ki, bu söhbətlər aparılır və bunun üçün Rusiya ilə həmsərhəd olan keçmiş sovet respublikası kimi Aİ-də liderliyə cəhd edən və Baş naziri qatı anti-Rusiya mövqeli Kaya Kallas olan Estoniya ideal ev sahibidir”.
Gülnar Səlimova
Globalinfo.az
İstanbul