Kəndlərin qaytarılması iddiası güclənir – Paşinyan nəyə hazırlaşır?

Ermənistan mediası Baş nazir Nikol Paşinyanın anklav və eksklav kimi qeyd edilən kəndləri qaytaracağı barədə yazır. Məlumatda deyilir ki, 10 noyabr 2020-ci ildə Baş nazir kəndlərin boşaldılması ilə bağlı öhdəlik götürüb. Xəbər doğrudursa, Paşinyan Azərbaycanla ərazi mübahisələrinə tam və qəti son qoymaq xətti seçib. Bəzi təxribatçı fikirlərə görə isə həmin kəndlər Azərbaycanın nəzarətinə keçdikdən sonra Ermənistan blokadaya düşəcək.

Maraqlıdır, bu iddia nə dərəcədə doğrudur? Paşinyan anklav və eksklavları qaytaracaq?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan siyasi şərhçi Kənan Rövşənoğlu deyib ki, Paşinyanın məqsədi açıqdır:

“Rəsmi İrəvan Azərbaycanla münaqişəyə son qoymaq, Türkiyə ilə sərhədləri açmaq və nəticədə Ankara vasitəsilə Qərbə inteqrasiya etmək istəyir. Çünki Ermənistanın Qərbə açılması üçün quru sərhədə ehtiyacı var. Bu məsələdə əsas yol Türkiyədir. Çünki Türkiyə həm də NATO-nun şərq cinahıdır.

Ermənistanın Qərbə inteqrasiyası üçün Türkiyə ilə barışıb sərhədləri açması vacibdir. Burada həm də Avropa və ABŞ-ın istəyi var. Belə görünür ki, ABŞ və Aİ də Paşinyanın münaqişəyə son qoyub Azərbaycanla yekun sülh müqaviləsini imzalamasını tələb edir. Ermənistanın mühasirəsinə gəlincə, bu, reallığı əks etdirmir. Çünki sülh müqaviləsi imzalandıqdan sonra Ermənistan Qərbdən suverenlik təminatı və dəstək alacaq.

Kənan Rövşənoğlu

Azərbaycan rəsmi şəkildə bəyan edib ki, Ermənistanın BMT səviyyəsində tanınan ərazi bütövlüyünü qəbul edir. Bu mənada Paşinyanın proqramı aydındır. Onun qarşısında əsas maneə Rusiya və Ermənistandakı rusyönümlü qüvvələrdir. Paşinyan sona qədər dirənə biləcəkmi –  bu, Ermənistandakı və regiondakı siyasi situasiyadan asılı olacaq”.

Turan Rzayev
Globalinfo.az