Paşinyanın ətrafında müəmmalı proseslər – Sui-qəsd planı…

Ermənistanda baş nazir Nikol Paşinyana qarşı sui-qəsd cəhdlərinin olması məsələsi yenidən gündəmə gəlib.

Baş nazirin ofisinin təhlükəsizliyinin gücləndirilməsindən sonra Gümrü səfəri zamanı avtomobil kortejinin sayının artırılması da diqqət çəkib. Kortejin görüntüləri ermənilər arasında müzakirələrə səbəb olub.

Xüsusilə baş nazirə qarşı son sui-qəsd cəhdindən sonra ölkədə vəziyyətin yenidən gərginləşməsi fonunda Paşinyanın bu addımı diqqət çəkib.

İrəvanda nə baş verir? Paşinyanı aradan götürmək planı işə düşdü?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Əhəd Məmmədli təhlükəsizlik tədbirlərinin gücləndirilməlisinin Ermənistan üçün normal olduğunu deyib:

“Ermənistan tarixində əvvəllər də bu kimi hadisələr baş verib. 1999-cu il 27 oktyabr tarixində Ermənistan parlamentinə edilən basqın nəticəsində parlament sədri Karen Demirçyan, baş nazir Vazqen Sarkisyan və daha 6 rəsmi şəxs qətlə yetirilmişdi. İndi bəlkə də, İrəvanda hazırkı hakimiyyəti istəməyən daxili və ya xarici qüvvələr vəziyyəti qarışdırmaq üçün belə bir addıma əl ata bilərlər. Mümkündür ki, Nikol Paşinyanın hakimiyyətdə qalmasını istəyən xarici ölkələr, ya da Ermənistanın xüsusi xidmət orqanları baş nazirə məlumat ötürüblər. Nəticədə müəyyən təhlükəsizlik tədbirləri görülüb”.

“Ümumiyyətlə bizim region dövlətlərində iqtidarların təhlükəsizliyini gücləndirmələri normaldır. Problemli, böyük, yaxud müəyyən iddialar ortaya qoyan dövlətlərdə iqtidarlar hər zaman təhlükəsizlik səviyyəsini artırırlar. Ermənistan da problemi bir ölkədir, iqtidar çətin vəziyyətdədir, ola bilsin, keçid dövründədir. Yəni bu addımın atılması normal haldır”, – Ə.Məmmədli bildirib.

Ayşən Mustafa
Globalinfo.az