Ermənistanın ərazisi kiçildi: Paşinyan yeni rəqəmi açıqladı – “Gərgin anlar…”

“Brüsseldə Bakı və İrəvan bir-birinin ərazi bütövlünü tanımağa qərar verəndə Ermənistan ərazisinin ölçüsü ilə bağlı sənədlərdə problem yarandı”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan martın 12-də keçirilən mətbuat konfransında deyib.

Baş nazir Brüssel danışıqları zamanı gərgin anların yaşandığını bildirib:

“Brüsseldəki danışıqlar zamanı sual yarandı ki, Azərbaycan və Ermənistan “ərazi bütövlüyü” dedikdə nəyi nəzərdə tuturlar? Orada konkret ərazi vahidlərinə, sənədlərə istinad etmək lazım idi. O vaxt otaqdakı gərginliyin səviyyəsini təsəvvür edə bilirsiniz? Mən dərhal qaldığım oteldən əməkdaşlarımızla əlaqə saxladım. Dedim ki, ensiklopediyalardan Azərbaycan və Ermənistan ərazilərinin göstərildiyi hissənin fotosunu çəkib göndərsinlər. Lakin dəqiq rəqəmin 29 min 800 kvadrat kilometr olması yadımda idi. Bu məlumatları Avropa İttifaqı Şurasının rəhbərinə ötürdük və dərc edildi”.

“Daha sonra ensiklopediyalara diqqətlə baxanda gördük ki, ərazi ölçüsü 29 min 743 kvadrat kilometr yazılıb. Azərbaycan tərəfi bizə dedi ki, illərlə Ermənistanın dövlət qurumlarının rəsmi saytlarında ərazi ölçüsü bu rəqəmlə təqdim edilib. Bundan sonra otaqda gərginlik artdı”, – Paşinyan qeyd edib.

Ayşən Mustafa
Globalinfo.az