
Erməni mətbuatında yayımlanan iddiaya görə, Baş nazir Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevə vəd verib ki, o, Ermənistanda 2026-cı il parlament seçkilərindən sonra konstitusiyanı dəyişdirəcək. Başqa sözlə, Ermənistanın baş naziri Azərbaycan Prezidentindən vaxt istəyib.
Bu iddia nə qədər doğrudur? Belə bir təklif həqiqətən olubmu? Rəsmi Bakı bu təklifə necə cavab verəcək?
Globalinfo.az-a danışan politoloq Qabil Hüseynli deyib ki, bu sadəcə bir iddiadır:
“Ermənistan elə bir vəziyyətdə deyil ki, Azərbaycandan nəsə istəsin. Ümumiyyətlə belə bir şey istəmək üçün qarşılıqlı etimad olmalıdır. Rəsmi İrəvan isə dəfələrlə verdiyi sözləri yerinə yetirməyib. Azərbaycan tərəfi niyə bu təklifi qəbul etməlidir?
Azərbaycanın sülhlə bağlı mövqeyi açıq-aydındır. Ermənistan sülh istəyirsə, qeyd-şərtsiz konstitusiyanı dəyişməlidir. Biz bunu kefimizdən istəmirik. Sülhün əldə edilməsi üçün bu şərt mütləq yerinə yetirilməlidir. Ermənistan konstitusiyasında ərazilərimizə qarşı iddia əks olunub. Belə olan halda hansısa sülhdən etimaddan danışmaq biraz sadəlövhlük olardı.

Qabil Hüseynli
İki il ərzində çox hadisə ola bilər. Hətta Paşinyan özü də devrilə bilər. Bu riskə getməyə dəyərmi? Əlbəttə ki, yox. Buna görə də İrəvanın təklifi birmənalı rədd edilməlidir”.
Politoloq deyib ki, Paşinyan sadəcə öz hakimiyyətini qorumaq istəyir:
“Bu gün Paşinyanı düşündürən yeganə məsələ hakimiyyətidir. O iqtidarını mökəmləndirmk üçün Bakıya belə təklif verib. Ya da sadəcə verdiyinə dair iddia yayıb.
Ermənistana güvənmək üçün çox erkəndir. Bunun üçün nə Zəngəzur dəhlizini açıb, nə anklavları qaytarıb, nə də buna bənzər nəsə edib. Qeyd etdiyim həcmdə bir şey edilmədiyi təqdirdə İrəvana möhlət vermək olmaz”.
Turan Rzayev
Globalinfo.az