0506718ca1d2027e0c1bee51bf815caa

Ermənistanın baş naziri Nikol Paşinyan bütün ermənilərin katolikosu II Qareginin vəzifədən uzaqlaşdırılması ilə bağlı hazırladığı fəaliyyət planını açıqlayıb.

Globalinfo.az xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

“Qaregindən, dünyəvi adı Ktriç Nersisyan olan bu şəxsdən Eçmiədzini azad edirik. Katolikosun yerinə isə ləyaqətli, evli və təbii ki, bu vəzifəyə iddialı olmayan bir keşiş təyin edilir”, – Paşinyan bildirib.

Ermənistan baş nazirinin fikrincə, yeni katolikos seçkiləri yalnız o zaman keçirilməlidir ki, kilsənin orta əsrlərə aid nizamnaməsi əsasında yeni Ermənistan Apostol Kilsəsinin Nizamnaməsi qəbul edilsin. Bu sənəd müasir erməni dilində yazılmalı və Milli Kilsə Məclisi tərəfindən təsdiq olunmalıdır.

Yeni nizamnamə təsdiqləndikdən sonra, yalnız yoxlanılan namizədlərin iştirakı ilə seçkilərin keçirilməsi təklif olunur.

Qeyd edək ki, Paşinyan daha əvvəl vətəndaşları Eçmiədzinin mərkəzi meydanında “mənəvi görüş”ə hazır olmağa çağırıb.

Ermənistan hakimiyyəti ilə Apostol Kilsəsi arasındakı qarşıdurma Paşinyanın sosial şəbəkədə katolikos II Qaregini ittiham etdiyi paylaşımlardan sonra daha da kəskinləşib. O, daha sonra bütün ermənilərin katolikosunun seçilməsi qaydasının dəyişdirilməsini təklif edərək bu prosesdə dövlətin həlledici rolunun rəsmiləşdirilməsini istəyib.

Bundan əlavə, Paşinyan ilk taxt şəhəri Eçmiədzinin azad olunmasına şəxsən rəhbərlik etməyə hazır olduğunu açıqlayıb.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: