Paşinyan bilmir: 32 il öncəki sazişdə yazılıb ki… – Erməni polkovnik

“Ermənistan rəhbərliyi aylar əvvəl rus qoşunlarının “Zvartnots” hava limanından çıxarılmasını tələb edəndə Kremlin sözçüsü Dmitri Peskovun açıqlaması diqqət çəkmişdi”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistan ordusunun ehtiyatda olan polkovniki Hayk Nahapetyan deyib.

Onun sözlərinə görə, Baş nazir Nikol Paşinyan rusların Ermənistan sərhədlərinin mühafizəsindən də geri çəkiləcəyini düşünüb:

“Ermənistanda Rusiyanın 102-ci bazası, həmçinin sərhəd qoşunlarının 17 döyüş bazası var. İrəvan rusların “Zvartnots”dan çıxarılması ilə bağlı müraciət edəndə Dmitri Peskovun açıqlaması diqqətimi çəkmişdi. O dedi ki, Nikol Paşinyan rus hərbçilərinin Ermənistanın Türkiyə və İranla sərhədindən geri çəkilməməsini xahiş edib. Bu, çox qəribədir. Çünki onsuz da Ermənistanın həmin dövlətlərlə sərhədinin məhz ruslar tərəfindən mühafizəsi ilə bağlı 1992-ci il 30 sentyabrda dövlətlərarası müqavilə imzalanıb. Yəni Paşinyan ruslardan hava limanını tərk etmələrini tələb edir, amma həm də qorxur ki, onlar sərhəddə xidməti dayandırıb gedərlər. O, Prezident Vladimir Putinə dövlətlərası müqaviləni xatırladaraq rusların sərhəddə qalmalı olduğunu deyə bilərdi. Görünür, Nikol həmin sənəddən xəbərsizdir, buna görə Kremldən xahiş edib”.

H.Nahapetyan bildirib ki, Peskovun həmin açıqlaması təsadüfi deyildi:

“Nikol Paşinyanla Vladimir Putin arasındakı söhbətin həm səs, həm də videoyazısı var. Əks halda baş nazir bunu təkzib edərdi. Hazırda əsas məsələ dəhlizin açılmasıdır. Rusların ərazidən çıxması bu məsələni yenidən gündəmə gətirir. Maraqlıdır ki, dəhlizin fəaliyyətini ABŞ və Böyük Britaniya daha çox istəyir. Hətta Azəbaycanın yeni hərbi əməliyyatlara başlaması bu baxımdan real görünür. Çünki 10 noyabr sənədində həmin məsələ ilə bağlı konkret bənd var və Bakı İrəvanı ona əməl etməməkdə günahlandırır. Azərbaycan İran-İsrail münaqişəsi fonunda dəhlizin açılmasına nail ola bilər. Paralel olaraq Rusiya-Ukrayna müharibəsi də davam edir, yəni baş qarışıqdır”.

Ayşən Mustafa
Globalinfo.az