Partiyalar qeydiyyatdan necə rahat keçə bilərlər? – Ekspert faydalı məlumatlar açıqladı

 

“Sosial mediadan görmək olar ki, bir neçə partiyanın yenidən qeydiyyatla bağlı Ədliyyə Nazirliyinə göndərdikləri üzvlərin reyestri geri qaytarılıb”.

Globalinfo.az xəbər verir ki, bu sözləri Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib.

Onun sözlərinə görə, Ədliyyə Nazirliyi əsas problem olaraq bir neçə məsələni, o cümlədən “Dövlət reyestrində tapılmadı” səbəbini, yəni partiyaların təqdim etdiyi reyestrlə dövlət reyestrləri arasında uyğunsuzluğu da qeyd edib:

“Nazirlik güman ki, reyestrlərdəki bəzi adlar və soyadlarda, şəxsi məlumatlarda, telefon nömrələrində, yaşayış yerində uyğunsuzluqlar tapıb. Bununla bağlı bir daha qeyd etmək istərdim ki, partiya rəhbərliyinin ilk öncə üzvlərinə öz şəxsi məlumatlarını mövcud dövlət reyestrlərində dəqiqləşdirməyi tövsiyə etməsi doğru olardı.

Xüsusilə də, partiya üzvləri RİNN-nin MyGov və Ədliyyə Nazirliyinin “Mobil notariat” reyestrində öz məlumatlarını dəqiqləşdirə, hətta çap edib partiya rəhbərliyinə təqdim edə bilərlər.

MyGov-da “Şəxsi məlumatlarım”, “Yaşayış yerim”, “Mobil telefonlarım” və “Stasionar telefonlarım” bölmələrindəki məlumatlar, hansı ki, bu datanı DİN və RİNN təqdim edir, yetərincə güvənlidir.

Eyni zamanda Mobil notariat tətbiqində “Mobil əhali”dəki məlumatlara da nəzər salmaq olar”.

Osman Gündüz

Düşünürəm ki, növbəti dəfə Ədliyyə Nazirliyinə müraciət etdikdə partiya rəhbərlərinin bu dövlət reyestrlərindən üzvlərinin çıxarışlarını, yaxud bu çıxarışlara uyğun siyahıları təqdim etməsi bu sahədə problemlərin aradan qaldırılmasına xeyli köməklik edə bilərdi.

Bununla da, ən azı “Dövlət Reyestrində tapılmadı” səbəbini aradan qaldırmaq mümkün olardı”.

Turan Rzayev
Globalinfo.az