Azərbaycanda sentyabrın 1-də baş tutan növbədənkənar parlament seçkilərindən sonra seçkilərdə iştirak edən partiyaların maliyyələşməsi ilə bağlı qaydalar qüvvəyə minib. Qeyd edək ki, 2024-cü ilin büdcəsində partiyalar üçün 5 milyon manat vəsait ayrılıb.
Partiyalar bu vəsaiti hansı istiqamətdə istifadə edəcəklər?
Globalinfo.az-a danışan Azad Vətən Partiyasının sədri Akif Nağı deyib ki, partiyalara maliyyə yardımı ayrılması təklifi ilə daha əvvəl çıxış edib:
Akif Nağı
“Prezident Administrasiyası ilə bizim təklifimiz üst-üstə düşdü. O vaxt partiyaların iştirakı ilə keçirilən geniş iclasda həmin təklifi verdik. Müəyyən mənada dəstək də gördük. Əlbəttə, bu, müsbət haldır. Partiyalar daxildə maliyyələşmirsə, başqa mənbələrə üz tutmağa məcbur qala və xarici mərkəzlərin əlində alətə çevrilə bilərlər.
Hər partiyaya nə qədər məbləğ ayrıldığı dəqiqləşməyib. Təxminən 1500 manat edəcək. Bu, partiyaların fəaliyyəti üçün həddindən artıq az məbləğdir”.
A.Nağının fikrincə, ayrılan vəsaitin məbləği artırılmalıdır:
“Digər təklifimiz isə 26 partiyanın dövlət tərəfindən açıq formada maliyyələşdirilməsidir. Parlament partiyası olub-olmaması şərt kimi götürülməməlidir. Partiyaların normal fəaliyyəti üçün normal ştat sayı müəyyənləşməlidir. Buna uyğun olaraq minimum əməkhaqqı nəzərə alınmaqla vəsait ayrılmalıdır. Partiyaların fəaliyyətinə bərabər şərait yaradılırsa, ayrılan vəsait də bərabər olmalıdır. Hazırda nəzərdə tutulan cüzi məbləği hara xərcləyəcəyimizi bilmirik”.
Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlunun sözlərinə görə, bu, partiyaların sağlamlaşması, dirçəlməsi və maddi baxımdan müstəqil olması ilə nəticələnə bilər:
Ağasif Şakiroğlu
“Hesab edirəm, dövlət qeydiyyatından keçmiş və seçki prosesində iştirak etmiş bütün partiyalara da parlamentdə yer qazanmış partiyalar kimi ayrıca vəsait ayrılmalıdır. Çünki ölkənin siyasi sisteminin güclənməsi üçün bu çox vacibdir. Milli qüvvələrin inkişafı mütləqdir.
Düşünürəm ki, parlament partiyalarına 5 milyon manat ayrılırsa, parlamentdən kənar qalmış partiyalara da bu məbləğin yarısı qədər vəsait ayrılmalıdır ki, partiya institutu inkişaf edə bilsin. Eyni zamanda partiyaların seçkilərdə aktiv iştirakına stimul olsun”.
Onun sözlərinə görə, dövlət qeydiyyatından keçmiş hər bir partiyanın 5000-dən çox üzvü var:
“Bu üzvlər dövlət büdcəsinə vergi ödəyir. Və mütləq ki, bu vergilərdən onların da ideoloji baxışına maliyyə dəstəyi göstərilməlidir.
Hazırkı şəraitdə ayrılması nəzərdə tutulmuş məbləğ elə də böyük deyil. Təxminin 900-1200 manat vəsait edir.
Hesab edirəm ki, partiyaların maliyyələşmə məsələsinə yenidən baxılmalıdır”.
AĞ Partiya sözçüsü Cavanşir Abbaslı məsələyə belə münasibət bildirib:
Cavanşir Abbaslı
“Bu barədə dəqiq rəqəm demək hələ ki mümkün deyil. Amma ümumi götürdükdə çox cüzi bir məbləğ sayılacaq və heç mərkəzi qərargahın aylıq xərclərini belə ödəməyəcək. Hesablamanı Maliyyə Nazirliyi aparır. Bu ay ərzində yəqin ki, dəqiq məbləğ məlum olacaq. Nəzərə alın ki, 5 milyon qeydiyyatı olan bütün partiyalar arasında bərabər bölünmür. Parlamentdə 11 siyasi partiyanın təmsil olunduğunu nəzərə alsaq, onların hər birinə deputat sayına görə məbləğ ayrılacaq. Yeni Azərbaycan Partiyasının deputat sayını düşünsək, bu 5 milyonun təxminən bir milyondan çox hissəsi təkcə hakim partiyaya ayrılacaq. Bir sözlə, məbləğ çox da böyük görünməsin, əslində olduqca azdır. Mühasib də tutulduğunu, ona da zəhməthaqqı ödənilməli olduğunu nəzərə alsaq, məbləğin qənaətbəxş olmasından söhbət gedə bilməz. Dəqiq rəqəm məlum olsun, mətbuata açıqlayacağıq”.
Safura Bənnayeva
Globalinfo.az