elcin 1

“Mən WUF11 və WUF12-də iştirak etmişəm. Lakin bu forum həqiqətən də indiyə qədər iştirak etdiyim tədbirlər arasında özünəməxsusluğu ilə seçilir”.

Bu fikirləri Globalinfo.az-a açıqlamasında siyasi şərhçi Elçin Alıoğlu deyib.

O bildirib ki, tədbirin təşkilatı, ümumi kompleksi çox yüksək səviyyədədir:

“Könüllülərin, medianın işini xüsusilə təqdir edirəm. Azərbaycan jurnalistləri və könüllüləri bu sahədə çox böyük işlər görürlər. Hazırlıq baxımından da müvafiq dövlət qurumları çox yüksək səviyyədə fəaliyyət göstərirlər”.

Elçin Alıoğlu qeyd edib ki, ümumilikdə 24 təşkilat bu işdə fenomenal uyğunluq və güclü sinerji ilə fəaliyyət göstərir:

“Bu forumla əslində çox şey qazandıq. Şəhərsalma, eksteryer və landşaft dizaynı baxımından Azərbaycan artıq tamamilə yeni konsepsiyanın həyata keçirilməsinə başlayıb. Bizim əsas prinsipimiz budur ki, insan şəhər üçün yox, şəhər insan üçün olmalıdır. Bu prinsip artıq həyata keçirilməyə başlayıb. Cənab Prezidentin müvafiq tövsiyə və göstərişlərini dövlət qurumları, icra hakimiyyətləri, aidiyyəti strukturlar yerinə yetirirlər.

Bəzən sual verirlər ki, məsələn, yağış yağdı, küçələri su basdı, nə baş verdi? Bu cür subasma halları dünyanın bir çox böyük şəhərlərində olur. Mən əsasən Parisdə yaşayıram, orda da küçələrin su altında qalması halları olur. Moskva, Məkkə və digər böyük şəhərlərdə də belə hallar müşahidə edilir. Bu, şəhərin işləməməsi anlamına gəlmir”.

Onun sözlərinə görə, sovet dövründə və xüsusilə 90-cı illərdə şəhərsalma mədəniyyətində ciddi problemlər olub:

“Plansız və xaotik tikintilər həyata keçirilirdi. Əvvəllər yaşayış binaları tikiləndə lazımi infrastruktur əvvəlcədən qurulmurdu, həmin binalar mövcud infrastruktura qoşulurdu. Məsələn, hansısa ərazidə kommunal infrastruktur 10 min nəfər üçün nəzərdə tutulurdusa, sonradan orada 60-70, hətta 100 min nəfər yaşayırdı. Təbii ki, bu da ciddi problemlər yaradırdı və biz bu gün həmin yanlış şəhərsalma siyasətinin nəticələrini yaşayırıq”.

Ləman İmran
Globalinfo.az

Paylaş: