
Pakistan İsrailin İrana qarşı təcavüzünü, eləcə də ABŞ-ın İranın nüvə infrastrukturuna hücumunu kəskin şəkildə qınayıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Pakistanın Baş nazirinin müavini və xarici işlər naziri İshaq Dar bildirib.
“Pakistan Yaxın Şərqdə son baş verən hadisələrdən dərin narahatlığını ifadə edir. Biz İsrailin İrana qarşı tamamilə əsassız təcavüzünü, eləcə də ABŞ-ın İranın nüvə obyektlərinə hücumunu qətiyyətlə pisləyirik. Bu hərəkətlər BMT Nizamnaməsinə və beynəlxalq hüquqa zidd olmaqla yanaşı, son dərəcə təhlükəli gərginliyə yol açır”, – deyə Dar vurğulayıb.
Nazirin sözlərinə görə, ABŞ və İsrailin bu addımları dövlətlərarası münasibətlərdə formalaşmış davranış normalarını sarsıdıb və regionu təsəvvürəgəlməz nəticələrlə üz-üzə qoyub.
O həmçinin qeyd edib ki, İran bu prosesdə konstruktiv və praqmatik yanaşma nümayiş etdirərək, vəziyyətin daha da gərginləşməsinin qarşısını alıb.
“Bir daha qeyd edirik ki, bütün maraqlı tərəflər sülh və diplomatiya yolu ilə qarşılıqlı fikir ayrılıqlarını konstruktiv dialoq vasitəsilə həll etməyə çalışmalıdır”, – deyə İshaq Dar əlavə edib.
Xatırladaq ki, iyunun 22-nə keçən gecə ABŞ İran-İsrail münaqişəsinə müdaxilə edərək İrandakı üç nüvə obyektini bombalayıb. Cavab olaraq İran iyunun 23-də Dohaya yaxın yerləşən ABŞ-ın “əl-Üdeyd” aviabazasına raket zərbəsi endirib. Qətər Silahlı Qüvvələri 19 raketin buraxıldığını, onlardan 18-nin zərərsizləşdirildiyini, birinin isə bazaya düşdüyünü açıqlayıb. Hadisə nəticəsində xəsarət alan olmayıb. Tezliklə ABŞ Prezidenti Donald Tramp İsrail və İranın atəşkəs rejiminə razılıq verdiyini bəyan edib.
Aysel Əliyeva
Globalinfo.az