Özbəkistanın və Qırğızıstanın baş prokurorları Azərbaycana gəldi – FOTO

Özbəkistanın Baş prokuroru Niqmatulla Yuldoşevin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana işgüzar səfərə gəlib.

Globalinfo.az xəbər verir ki, səfər Azərbaycanın Baş prokuroru Kamran Əliyevin dəvətilə baş tutub.

N.Yuldoşev Bakıda keçiriləcək MDB Baş Prokurorlarının Əlaqələndirmə Şurasının 33-cü və İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Baş Prokurorlarının 4-cü iclasında iştirak edəcək.

Azərbaycanın Baş prokuroru özbək həmkarı ilə keçirdiyi görüşdə tarixən xalqlarımızın milli köklərə söykənən münasibətlərinin siyasi, iqtisadi, mədəni və digər sahələrdə də müvəffəqiyyətlə inkişaf etdirildiyini, dövlət başçılarının apardıqları uzaqgörən xarici siyasət nəticəsində ölkələrimiz arasında əlaqələrin daha da möhkəmlədiyini vurğulayıb.

Baş prokuror Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi strateji kursun və dövlət siyasətinin prioritetlərinə uyğun olaraq ölkəmizdə hüquq qaydasının möhkəmləndirilməsi və qanunun aliliyinin təmin olunması istiqamətində aparılan
islahatlar barədə həmkarına məlumat verib.

K.Əliyev bildirib ki, işğaldan azad edilmiş Füzuli şəhərində qardaş Özbəkistan dövlətinin tikdiyi Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin keçən ay keçirilən açılış mərasimində hər iki ölkə rəhbərinin iştirakı xalqlarımız arasında olan qardaşlıq münasibətlərinin əyani sübutudur.

Özbəkistanın Baş prokuroru müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi siyasətçi və qüdrətli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünün qeyd edildiyi dövrdə ölkəmizdə olmaqdan məmnunluğunu ifadə edərək Ulu Öndərin Azərbaycan və Özbəkistan arasındakı dostluq və strateji tərəfdaşlıq münasibətlərinin banisi olduğunu qeyd edib.

N.Yuldoşev iki ölkənin prokurorluq orqanları arasındakı əməkdaşlığın yüksək səviyyədə olduğunu diqqətə çatdıraraq, əlaqələrin daha da möhkəmləndirilməsinin vacibliyini vurğulayıb.

Görüşdə beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyətin səmərəliliyi, həmçinin qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında müzakirələr aparılıb.

***

Qırğız Respublikasının Baş prokuroru Kurmankul Zuluşevin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana işgüzar səfərə gəlib.

Oxu.Az xəbər verir ki, səfər Azəərbaycanın Baş prokuroru Kamran Əliyevin dəvətilə baş tutub.

Qonaq MDB Baş Prokurorlarının Əlaqələndirmə Şurasının 33-cü və İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Baş prokurorlarının 4-cü iclasında iştirak edəcək.

K.Əliyev eyni kökə, mədəniyyətə, qədim tarixi münasibətlərə və ənənələrə malik ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətlərinin daha da inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini, ikitərəfli münasibətlərin bir çox istiqamətlərdə uğurla inkişaf etdiyini diqqətə çatdırıb. Vurğulanıb ki, Prezident İlham Əliyevin rəhbərliyi dövründə türkdilli dövlətlərlə, o cümlədən eyni kökə, mədəniyyətə, qədim tarixi münasibətlərə və ənənələrə malik Qırğız Respublikası ilə əməkdaşlıq daha da inkişaf etdirilib, dostluq və tərəfdaşlıq münasibətləri möhkəmləndirilib.

Azərbaycan və Qırğızıstan prokurorluqları arasında münasibətlərin müsbət dinamikasını vurğulayan Baş prokuror bu əlaqələrin gələcəkdə də inkişaf etdirilməsinin zəruriliyindən və perspektivlərindən danışıb.

Görüşdə cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlıq üzrə faydalı fikir mübadiləsi aparılmış, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyətin səmərəliliyindən, hüquqi əməkdaşlıq sahəsində mövcud müqavilə bazasının təkmilləşdirilməsindən danışılmış, tərəfləri maraqlandıran məsələlər müzakirə edilərək, iki ölkənin müvafiq orqanları arasında qarşılıqlı münasibətlərin bundan sonra da uğurla davam etdiriləcəyinə əminlik ifadə edilib.