nizami seferov esas e1755435827254

Suveren dövləti səciyyələndirən əsas komponentlər sırasında onun qüdrətli hərbi gücə malik Silahlı Qüvvələri xüsusi yeri tutur.

Təyinatı Azərbaycan Respublikasının silahlı müdafiəsi, təcavüzün dəf edilməsi, milli təhlükəsizliyinin və milli maraqların təmin edilməsi, konstitusiya quruluşunun, suverenliyin, ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunması, dövlət sərhədinin mühafizəsi və digər əhəmiyyətli məqsədlərə xidmət edən Silahlı Qüvvələr şəfərli inkişaf yolu keçiblər. 26 iyun 1918-ci ildə  Azərbaycan Xalq Cümhuriyyətinin qərarı ilə ilk nizami hərbi hissə – Əlahiddə Azərbaycan Korpusu təşkil olunmuşdur və bu tarixi hadisə Ulu Öndər Heydər Əliyevin 22 may 1998-ci il tarixli fərmanına əsasən rəsmi dövlət bayramı – Müstəqil Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranması günü kimi qeyd edilir.

Xatırlatmaq lazımdır ki, müstəqilliyin ilk illərində AXC-Musavat hakimiyyəti dövrü Azərbaycanda hərc-mərclik, özbaşınalıq, iqtisadi, sosial, ictimai və siyası həyatda xaos sürdüyü bir dövr kimi yaddaşlarda qalmışdır. Həmin dövrdə nizami ordudan, silahlı qüvvələrdən əsər-əlamət yox idi. Belə bir acınacaqlı vəziyyət düşmənin torpaqlarımıza təcavüzünün getdikcə daha geniş miqyas alması və nəticə etibarı ilə müstəqilliyin itirilməsi ilə nəticələnə bilərdi. Bu cür mürəkkəb bir vaxtda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev müxtəlif başıpozuq silahlı dəstələri ləğv edərək, nizami ordu quruculuğu prosesinə təkan verdi və qısa zaman kəsiyində  Silahlı Qüvvələrin maddi-texniki təminatı yaxşılaşdırıldı, döyüş hazırlığı yüksək səviyyəyə gətirildi, ordu quruculuğu müasir beynəlxalq standartlara uyğun olaraq təşkil edildi. Ordu quruculuğu sahəsində ən mühüm addımlar sırasında görkəmli sərkərdə Cəmşid Naxçıvanskinin adını daşıyan hərbi liseyin yaradılması xüsusi olaraq qeyd edilməlidir. Sözügedən məktəbin fəaliyyəti Azərbaycanda hərb sənətinə marağın güclənməsinə, azərbaycanlı zabit kadrların hazırlanmasına ciddi təkan vermişdir.

Ulu Öndərin ordu quruculuğu strategiyasını uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ardıcıl səyləri nəticəsində Azərbaycan ordusu qisa zaman kəsiyində regionun ən qüdrətli ordusuna çevrildi və 44 günlük Vətən müharibəsi və qisamüddətli anti-terror əməliyyatı  nəticəsində otuz ilə yaxın bir müddətdə davam edən işğala son qoyuldu, ölkəmizin ərazi bütövlüyü və suverenliyi bərpa edildi. Heç də təsadüfi deyil ki, nüfuzlu “Global Fire Power” mərkəzinin 55 göstərici əsasında hazırladığı hesabatda Azərbaycan Ordusu Cənubi Qafqazda birinci, dünyada ilk əlli ordu sırasında yer almışdır.

Dövlət Başçısnın qeyd etdiyi kimi, “bu gün bizim ordumuz dünya miqyasında güclü ordular sırasındadır. Biz bütün dünyaya göstərmişik ki, yenilməz xalq Azərbaycan xalqıdır, müzəffər ordu Azərbaycan Ordusudur.”

Nizami Səfərov,
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü

 

Paylaş: