Qarabağda nələr baş verir? – Son dəqiqə məlumatları gəlir…

Ermənistandan Qarabağa qanunsuz silah, sursat, heyət və minaların daşınmasını məhdudlaşdırmaq məqsədilə qəhrəman Ordumuz Gorus-Laçın rayonu istiqamətindəki sərhədimizi tam nəzarətə götürüb.

Globalinfo.az xəbər verir ki, bunu hərbi ekspert Ədalət Verdiyev bildirib.

“Yaxında Nəzarət Buraxılış Məntəqəsinin yerləşdirilməsini gözləyirəm.

Eşq olsun Əsgərimizə!”, – Ə.Verdiyev deyib.

Qeyd edək ki, Publika.az saytı Azərbaycan Ordusunun Laçın dəhlizində nəzarət məntəqəsi qurması iddiaları haqda yazı yayımlayıb. Yazıda bildirilib ki, dünən gecə saatlarında erməni mənbələri belə bir məlumat yaydı: Azərbaycan hərbçiləri Gorus-Xankəndi yolunu Ermənistanla sərhəd hissədə, Qafanın Tex (Dığ) kəndi yaxınlığında bağlayıb.

Bu məlumat erməni teleqram kanallarında (Togarma, Armenian military portal və s.) paylaşıldı.

Məlumatda iddia olunur ki, “bir neçə saat əvvəl Azərbaycan ordusuna məxsux bir neçə “Ural” avtomobili Ermənistanla sərhəddə, Tex kəndi yaxınlığında Gorus-Xankəndi yolunu bağlayıb”.

İddia belədir ki, ərazidə Azərbaycan ordusuna məxsus 10-dan çox “Ural” maşını var və Azərbaycan əsgərləri yolda səngər qazmağa, mühəndislik işləri aparmağa və nəzarət məntəqəsi qurmağa hazırlaşır.

“Togarma” kanalı yazır ki, bu addım Laçın dəhlizinin tamamilə alternativ yola köçürülməsinin nəticəsi ola bilər.

“Əldə etdiyimiz məlumata görə, Azərbaycan Laçın dəhlizinin əvvəlki yolunun bir hissəsindən müvəqqəti istifadəyə icazə verib. İrəvan aprelin 1-nə qədər Qarabağla Ermənistanı birləşdirən yolu inşa etməli, əvvəlki yol da tamamilə Azərbaycanın nəzarətinə keçməli idi. Lakin Ermənistan tərəfi yeni yolu inşa etməyib, Azərbaycan isə qoyulan vaxta uyğun həmin yolu bağlayaraq, nəzarət məntəqəsi yaradır. Ümid edirik ki, səbəb budur. Əks təqdirdə bu, Laçın dəhlizini Azərbaycanın nəzarətinə keçirəcək son addım olacaq”, – erməni kanalı yazır.

Bu informasiya rəsmi olaraq təsdiqlənməyib. Lakin erməni mənbələr bu addımı Laçın dəhlizinin Ermənistanla sərhəddə başlanan hissəsində nəzarət-keçid məntəqəsinin qurulması olaraq dəyərləndirilir.

Tamerlan Yayaqan
Globalinfo.az