Azərbaycan, Rumıniya və Macarıstan Qafqaz regionundan Avropa İttifaqına (Aİ) “yaşıl enerji” tədarükü layihəsi üzrə aktiv iş görür.
Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bunu Tbilisidə səfərdə olan Macarıstanın Baş naziri Viktor Orban həmkarı İrakli Kobaxidze ilə görüşdən sonra mətbuata birgə açıqlamasında deyib.
O, Qara dənizin dibi ilə elektrik enerjisi kabelinin çəkilməsinin Aİ ərazisində həyata keçirilmiş ən uğurlu layihələrdən biri olacağını vurğulayıb.
Qeyd edək ki, 2022-ci ilin 17 dekabrında Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında “yaşıl enerji”nin inkişafı və ötürülməsi ilə bağlı Strateji Tərəfdaşlıq sazişi imzalanıb. Rumıniyanın paytaxtı Buxarestdə, Kotroseni Sarayında (Rumıniya Prezidentinin rəsmi iqamətgahı) baş tutan imzalanma mərasimində sənədi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Gürcüstanın sabiq Baş naziri İrakli Qaribaşvili, Rumıniya Baş naziri Nikolae-Yonel Çuke və Macarıstanın Baş naziri Viktor Orban imzalayıb. Mərasimdə Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen də iştirak edib.