Oqtay Qasımov Arif Hacılının istefasından danışdı

Yanvarın 9-da Müsavat Partiyasının başqanı Arif Hacılının təmsil olunduğu bir qurumdan istefa verdiyi xəbəri yayıldı.

A.Hacılı istefasının səbəbini bu cür açıqlayıb:

“Təsisçilərindən biri olduğum “Elçibəy İnstitutu” adlı qurumdan istefa verirəm. Səbəb “Elçibəy İnstitutu”nun aparıcı üzvlərinin Elçibəyin yüksək adından onun irsini tədqiq və təbliğ etmək üçün deyil, Müsavatın təməl prinsipləri ilə üst-üstə düşməyən şəxsi maraqları naminə istifadə etmələridir”.

Globalinfo.az-a “Elçibəy İnstitutu” haqqında məlumat verən Azərbaycanın mərhum prezidenti Əbülfəz Elçibəyin köməkçisi olmuş Oqtay Qasımov qeyd edib ki, bu institut 2020-ci ilin noyabrda yaradılıb:

“Məqsəd və vəzifələri Azərbaycanın eks-prezidenti, milli azadlıq hərəkatının lideri Əbülfəz Elçibəyin irsini öyrənmək, tədqiq etmək, araşdırmaq və təbliğ etməkdən ibarətdir.

Oqtay Qasımov

İctimai qurum kimi fəaliyyət göstərir. İndiyə qədər də bu istiqamətdə müəyyən addımlar atıb. İnstitutun təşəbbüsü ilə iki kitab buraxılıb, tədbirlər, müsabiqələr keçirilib və anım mərasimlərində iştirak edilib”.

İnstitutun təsisçilərindən olan Arif Hacılının istefası ilə bağlı isə bu barədə geniş məlumatının olmadığını, A.Hacılının bu sualları cavablandırmasının daha məqsədəuyğun gəldiyini qeyd edib.
A.Hacılı ilə əlaqə yaratmaq istəsək də cəhdlərimiz baş tutmadı.

Safura Bənnayeva
Globalinfo.az