Onlar 65 yaşda təqaüdə getmək istəmir – Deputat

“Azərbaycanda pensiya yaşı kateqoriyalar üzrə müəyyənləşdirilməlidir, bir çox müəssisələrdə çalışanlar 65 yaşında təqaüdə çıxmaq istəmir”.

Globalinfo.az xəbər verir ki, bunu deputat Siyavuş Novruzov Milli Məclisin martın 29-da keçirilən plenar iclasında deyib.

Deputat bəzi müəssisələrdə çalışan şəxslərin pensiya yaşının uzadılmasını istədiyini bildirib:

“Bu gün hansı müəllimi 65 yaşında təqaüdə göndərmək istəyirsən, razı olmur. Deyir ki, niyə təqaüdə getməliyəm, hələ indi yeni öyrəndiyim məlumatları şagirdlərə ötürürəm. Həmçinin məktəblərdə 65 yaşında doktorluğu müdafiə edib alimlik dərəcəsini yeni alan adamlar var.

Eyni zamanda, tibb müəssisələrində çalışanlar da pensiya yaşı ilə razılaşmır. Hətta müddətin 1-2 il uzadılmasını xahiş edirlər. Pensiya yaşının təyinatı kateqoriyalar üzrə müəyyən edilməlidir. O cümlədən, dövlət qulluğunda çalışanlar da 65 yaşda təqaüdə getmək istəmir. Lakin doğrudur, ağır sahələrdə çalışanlar üçün pensiya yaşı nəzərə alınmalıdır”.

Ayşən Mustafa
Globalinfo.az