Ombudsman 4 saylı cəzaçəkmə müəssisəsinə baş çəkdi

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 4 saylı cəzaçəkmə müəssisəsinə başçəkmə həyata keçirilib.

Ombudsman Aparatından Globalinfo.az-a verilən xəbərə görə, başçəkmənin məqsədi saxlanılma şəraitinin və rəftar məsələlərinin, müəssisədə saxlanılan şəxslərin daxili intizam qaydalarına və beynəlxalq standartlara uyğun şəkildə hüquqlarının təmin olunması vəziyyətinin öyrənilməsi, habelə daxil olmuş müraciətlərin yerində qəbulu və araşdırılması olub.

Başçəkmə zamanı qadın məhkumların hüquqlarının təmini vəziyyəti yoxlanılıb, kollektiv və fərdi şəkildə müraciətləri dinlənilərək, qeydə alınıb və onlara hüquqi məsləhətlər verilib.

Eləcə də Milli Preventiv Qrupun üzvləri tərəfindən məhkumlarla cəzaçəkmə müəssisələrindən azad edilmiş şəxslərin qarşılaşdıqları çətinliklər və onların sosial ehtiyaclarının həllinə yönəlmiş maarifləndirici söhbətlər də aparılıb.