Türkiyənin Niğde şəhərində parkdakı hovuza düşərək əlil qalan azyaşlının ailəsi təzminat məhkəməsini qazansa da, sonradan borclu vəziyyətə düşüb.
Globalinfo.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Bildirilib ki, 2012-ci ildə Niğdedə parkda oynayarkən hovuza düşən və nəticədə əlil qalan yaş yarımlıq Kübra Bayhanın ailəsi böyük maliyyə problemi ilə üzləşib. Belə ki, ailə övlad itkisi azmış kimi, təzminatı geri qaytarmaq məcburiyyətində qalıb.
Vəkilin sözlərinə görə, qəzadan sonra uşağın 60 yaşına qədər yaşayacağını əsas götürərək ona qulluq xərcləri üçün 963 min lirə təzminat təyin edilib. Lakin Kübra 8 yaşında vəfat etdikdən sonra həmin məbləğin 853 min lirəsinin geri qaytarılması tələb olunub. Beləliklə, ailədən uşağın yaşamadığı 52 illik dövrü əhatə edən təzminatı geri ödəməsi istənilib. Faiz və inflyasiya səbəbindən tələb olunan məbləğ 2 milyon 700 min lirəni keçib.
Ata Ramazan Bayhan yaşadıqlarından şoka düşdüyünü deyib:
“Hazırda məndən 2 milyon 700 min lirə tələb edirlər. Keçən ayın 27-də icra bildirişi göndərildi. Sənədi əlimə alanda şoka düşdüm. Onsuz da övladımı itirmişəm. Kağızı oxuyandan sonra oturub hönkür-hönkür ağladım”.
Məsələ ilə bağlı bələdiyyəyə müraciət etdim, lakin “Edəcəyimiz bir şey yoxdur. Bu, məhkəmənin qərarıdır, pulu ödəməlisiniz” cavabını aldım.
Əliyar Xəlil
Globalinfo.az