“Öldürülən generallar uzun müddət izlənilib” – İran konsulluğuna hücumun detalları

İsrailin Suriyanın paytaxtı Dəməşqdə yerləşən İran konsulluğuna zərbə endirdiyi açıqlanıb. İranın Suriyadakı səfiri Hüseyn Əkbəri İsrailin F-35 qırıcılarından 5 raket atıldığını və konsulluq binasının tamamilə darmadağın edildiyini bildirib. 

Mövzunu Globalinfo.az-a şərh edən politoloq Kənan Rövşənoğlu deyib ki, bazar ertəsi İsrail aviasiyasının zərbələri nəticəsində Dəməşq şəhərində İran konsulluğunda olan İran İnqilab Keşikçiləri Korpusunun generalları Məhəmməd Rza Zahidi və Məhəmməd Hadi Hac Rəhimi və daha 5 nəfər ölüb:

“Bu, İran üçün ciddi itkidir, çünki generallardan biri SEPAH-ın Suriya və Livandakı qüvvələrinin qərargah rəisi olub. Belə görünür ki, israillilər iranlı generalları uzun müddət izləyiblər və onların konsulluğa daxil olduğunu öyrənib, binanı vurublar.

Bu hücum Tehranın nüfuzuna zərbədir. Ancaq hazırda elan olunmamış müharibə gedir və bu müharibədə itkilərin olması qaçılmazdır. Zənn eləmirəm ki, buna görə İran İsrailə cavab zərbəsi endirəcək və ya müharibə elan edəcək”.

Politoloq qeyd edib ki, İsrailin istəyi İran və ya Hizbullahın hücuma keçməsidir:

“Çünki bu zaman İsrail özünü müdafiə edən haqlı tərəf olacaq və beynəlxalq dəstək, xüsusən də ABŞ-ın yardımı ilə İrana qarşı müharibə başlayar. Bunu iranlılar da bilir, ona görə də son 5 ayda İsrailin bu şəkildə provokativ addımlarına qarşı səssiz qalıblar. Amma əlbəttə, İran da buna cavab verməyə çalışacaq, güman ki, gizli əməliyyatlarla İsrailə cavab vermək istəyəcək, ancaq açıq şəkildə konfrantasiyaya getməyəcəklər”.

Turan Rzayev
Globalinfo.az