Oktyabr ayında Estoniyanın Rusiya Federasiyası ilə sərhəddə yerləşəcək prototip bunkerlərin sınaqlarına başlayacağı ilə bağlı mətbuatda məlumatlar yer alır. Qeyd olunur ki, bunkerlərin hazırlanması Baltikyanı ölkələrin Rusiya və Belarus sərhədində ümumi müdafiə zonasının yaradılmasına dair razılaşması çərçivəsində həyata keçirilir. O cümlədən, 2026-cı ilə qədər Estoniyada 600 bunker yerləşəcək.
Bu hazırlıqlar nəyə hesablanıb? Rusiya yeni gərginliyə sürüklənir?
Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Sultan Zahidov deyib ki, Estoniya NATO-nun şərq qanadının mühüm hissələrindən birini təşkil edir:
“Estoniyanın təhlükəsizliyi NATO üçün həyati əhəmiyyət kəsb edir. Balaca bir ölkə olduğu üçün öz imkanları ilə Rusiyaya qarşı mübarizə apara bilməyəcək. Bu baxımdan Alyansın dəstəyi lazımdır. Ukrayna müharibəsinin başlamasından sonra Pribaltika və Şərqi Avropa ölkələrinin Rusiyanın növbəti hədəfinə çevrilmək qorxusu yarandı. Bu günə qədər Estoniyaya NATO-nun müxtəlif kontingenti ezam olundu. Britaniyanın 800-ə yaxın əsgəri oradadır. Ümumilikdə, bir çox silah-sursat, hərbi texnika verilsə, minlərlə NATO əsgəri Estoniyada yerləşdirilsə də bu kifayət etmir. Bunker məsələsi də gündəmdədir. Görünür, Estoniya gələcək NATO-Rusiya toqquşmasını nəzərə alaraq ciddi şəkildə bunkerlər yaratmaqda davam edir. Növbəti dünya müharibəsi baş verərəsə, ilk zərbə alacaq ölkələr içərisində Estoniya gəlir. Çünki iki tərəfin kəsişmə nöqtəsində yerləşir”.
Sultan Zahidov
Politoloqun sözlərinə görə, Ukrayna cəbhəsində proseslər Kiyevin lehinə getmir:
“Bir neçə istiqamətdə müəyyən irəliləyiş əldə etməsinə baxmayaraq, Rusiya əks-hücum əməliyyatı ilə bu prosesin qarşısını almağı bacarır. Digər tərəfdən ABŞ-da prezident seçkilərinə hazırlıq gedir. Namizədlər arasında Donald Tramp Avropanın təhlükəsizliyinin ABŞ üçün əhəmiyyətli olmadığına inanır. Tramp dəfələrlə NATO ölkələrini qorumaq müqabilində onlardan pul və öhdəlikləri yerinə yetirməyi tələb edib. O prezident seçilərsə, ABŞ hakimiyyətində əsaslı dəyişikliklərin olacağı gözləniləndir. Qarşıda bizi gərgin mərhələ gözləyir”.
Safura Bənnayeva
Globalinfo.az