50 yaşlı kişi 17 yaşlı qızla evlənib? – Rəsmi münasibət

Gədəbəy rayon İcra Hakimiyyəti 17 yaşlı qızın 50 yaşlı kişiyə ərə verilməsi ilə bağlı məlumata aydınlıq gətirib.

Məsələ ilə bağlı Globalinfo.az-a açıqlamasında qurumun Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Oruc Əhmədov nişanlanan xanımın Gədəbəy sakini olmadığını bildirib:

“Məlumatı araşdırdıq və məlum oldu ki, nişanı olan qızın 17 yox, 23 yaşı var. Eyni zamanda, 50 yaşlı bəy Gədəbəy rayonunda qeydiyyatda olsa da, uzun müddətdir Rusiyada yaşayır və sahibkarlıqla məşğuldur”.

***12:23

Sosial şəbəkələrdə Gədəbəy rayonunda 50 yaşlı şəxsin 17 yaşlı qızla evlənməsi barədə məlumatlar yayılıb. İddia edilib ki, nikah yaşına çatmayan qız özündən 33 yaş böyük kişi ilə ailə həyatı qurur.

Globalinfo.az-ın əldə etdiyi məlumata görə, araşdırmalar nəticəsində ailə quran qızın 17 deyil, 23 yaşının olması məlum olub. 50 yaşlı şəxs isə Gədəbəyin Əmiraslanlı (keçmiş Şəkərbəyli) kəndinin sakinidir.

O da məlum olub ki, yeni ailə həyatı quran kişi daha əvvəl dörd dəfə ailəli olub.

Zaira Akifqızı
Globalinfo.az