Sinan Oğanın gizli ssenarisi, yoxsa?.. – Tarixi günə az qaldı

Türkiyə prezident seçkilərinin ikinci turuna üç gün qalıb. Belə bir zamanda iki mühüm hadisə baş verib. Birincisi, seçkinin II turu fonunda Sinan Oğan “Cümhur İttifaqı”nın namizədi Rəcəb Tayyib Ərdoğanı dəstəkləməsidir. Digər önəmli olay isə Zəfər Partiyasının lideri Ümid Özdağın “Millət İttifaqı”nın namizədi Kamal Kılıçdaroğlunu dəstəkləyəcəyini açıqlamasıdır.

Maraqlıdır, seçkinin ikinci turunda “ATA İttifaqı”nın parçalanması nəyə hesablanıb? Bu, Ümid Özdağ və Sinan Oğan arasında razılaşdırılmış ssenaridir?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq İlyas Hüseynov deyib ki, Türkiyədə prezident seçkilərinin ikinci turu ərəfəsində hazırkı iqtidara qarşı birləşən müxalifət partiyaları arasında fikir ayrılıqları açıq şəkildə görünür:

“Xüsusilə “Millət İttifaqı”nın sıralarında bunu görürük. Bəzi şəxslər bu ittifaqın sıralarını sürətlə tərk edir. Digər dağılmağa üz tutan ittifaq da “ATA İttifaqı”dır. “ATA İttifaqı”nın namizədi Sinan Oğanın Ərdoğanı dəstəkləyəcəyi xəbərinin ardınca Zəfər Partiyasının lideri Ümid Özdağın digər bir namizəd Kamal Kılıçdaroğlunu dəstəkləyəcəyini bildirdi.

İlyas Hüseynov

Hesab edirəm, bunu “ATA İttifaqı”nın parçalanması kimi qiymətləndirmək olar. Sinan Oğan bu ittifaqın lideridir. Çox müdrik qərar qəbul etdi. Açığı, Azərbaycan ictimai rəyində də onun bu addımı yüksək təqdir olundu.

Reallıq bundan ibarətdir ki, ikinci turda Rəcəb Tayyib Ərdoğan qalib gələcək. Buna şübhə yoxdur. Digər cəbhələrdə artıq parçalanmaların olması da göstərir ki, müxalif cəbhə məğlubiyyəti qəbul edir”.

Turan Rzayev
Globalinfo.az