“O, məndən irəlidə olan məşqçidir” – Qurban Qurbanov

Xəbər verdiyimiz kimi, “Qarabağ” Azərbaycan Premyer Liqasının 12-ci turunun açılış matçında “Turan Tovuz”un qonağı olub.

Globalinfo.az Qafqazinfo-ya istinadən xəbər verir ki, 0:0 hesabı ilə başa çatan matçdan sonra Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib.

Qurbanov azarkeşlərin meydanda yaxşı ab-hava yaratdıqlarını bildirib:

“Hər iki komandanın futbolçularına təşəkkür edirəm. Belə mübarizəli, dinamik oyun oynadılar. Belə oyunların sayı nə qədər çox olsa, futbolçuların hazırlığı üçün də yaxşıdır.

Atmosfer də möhtəşəm idi. Azarkeşlər meydanda yaxşı ab-hava yaratmışdılar. Ümumi götürsək, razı qaldım.

Yassin Benzianın yüngül zədəsi var. Həkimlərlə məsləhətləşib belə qərara gəldik ki, risk etməyək. Qarşıdakı görüşlərdə baxacağıq.

Avroliqa oyunlarına bənzəyən oyun oldu. Stadionun örtüyü süni olmasaydı, daha yaxşı olardı. İstər-istəməz ilk hissədə çətinliklərimiz oldu. Oyunun tempi çox yaxşı idi. Amma dediyim kimi, bütün oyunlar, mübarizələr ən azından bu tempdə olmalıdır.

Rəqibin bəlkə də, bizə xoş olmayan oyun sistemi var. Həddindən artıq sürətli hücuma keçirdilər. İki yaxşı hücumçuları var. Demək olar ki, gözüyumulu bir-birini başa düşürlər. Qapıçımız yaxşı çıxış etdi. Ümumən, belə, mənim üçün xoş oldu. Uduzsaydıq belə, maraqlı oyun idi.

Rəqabət aparmaq bir az düzgün çıxmaz. Kurban Berdıyev məndən irəlidə olan məşqçidir. Əlbəttə, belə mütəxəssilərin bizim çempionatda olmasına ancaq sevinirik. “Onunla rəqabət aparardım” demək, bir az qeyri-ciddi səslənər”.