Nüvə silahlarının gücü: Ölkələr öz arsenallarını artırır və mümkün istifadəyə hazırlaşırlar

Nüvə silahı olan ölkələrin əksəriyyəti öz arsenallarını artırmağa və nüvə gücündən mümkün istifadəyə hazırlaşmağa davam edir.

Globalinfo.az xəbər verir ki, bu barədə Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) qlobal nüvə təhlükəsizliyi ilə bağlı ciddi xəbərdarlıqlar təqdim edən hesabatında qeyd edilib.

İnstitutun 2023-cü il yanvar ayının əvvəlinə olan hesabatına görə, Rusiya, ABŞ, Böyük Britaniya, Fransa, Çin, Hindistan, Pakistan, Şimali Koreya və İsrail (nüvə silahına malik olduğunu qəbul etməyən) daxil olmaqla doqquz ölkə ümumi 12,512 nüvə başlığına sahibdir. Bu rəqəmdən 9576-sı potensial istifadədədir ki, bu da bir il əvvəllə müqayisədə 86 ədəd artım deməkdir. Maraqlıdır ki, əsasən Rusiya və ABŞ-a məxsus olan 2000-ə yaxın döyüş başlığı yüksək hazırlıq vəziyyətindədir, yəni onlar raketlərə quraşdırılmağa hazırdır və ya bombardmançı aviabazalarda yerləşdirilir.

Hesabatda həmçinin vurğulanır ki, dünya nüvə arsenalının təxminən 90 faizi Rusiya və ABŞ-ın əlindədir. 2023-cü ilin əvvəlinə ABŞ 1770, Rusiya isə 1674 nüvə başlığı yerləşdirib. Fransa 280 nüvə başlığı ilə üçüncü, Böyük Britaniya isə 120 döyüş başlığı ilə dördüncü yerdədir.

Rusiya və ABŞ-da nüvə silahlarının sayı il ərzində az dəyişsə də, Çin nüvə arsenalını 350 döyüş başlığından 410-a çatdırıb.

İnstitutun məlumatına görə, Çin, Britaniya, Fransa, Hindistan və Pakistan yaxın illərdə öz nüvə arsenallarını artırmaq niyyətindədir.

Hesabatda təxminən 30 nüvə başlığına malik olduğu və daha 50-70 nüvə başlığı istehsal etmək potensialına malik olduğu təxmin edilən Şimali Koreya ilə bağlı məlumatlar da yer alır. Bundan əlavə, hesabatda eyni zamanda öz nüvə arsenalını modernləşdirməyi planlaşdıran İsraildə 90 nüvə silahının olduğunu iddia edilib.

Gülay
Globalinfo.az