Nuran Abdullayevdən Prezidentə təbrik: “Bir çox əcnəbi elm adamları Sizin və Azərbaycanın yanındadır”

Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, tibb elmləri doktoru, Köln Universitetinin dosenti Nuran Abdullayev Azərbaycan Respublikası Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Globalinfo.az həmin məktubu təqdim edir:

“Möhtərəm cənab Prezident!

Sizi dövlət başçısı kimi fəaliyyətinizin 20 illiyi münasibətilə ailəmiz adından səmimi-qəlbdən təbrik edir, uzun ömür, möhkəm cansağlığı, bundan sonrakı nümunəvi liderliyinizlə Vətənimiz naminə yorulmaz fəaliyyətinizdə müvəffəqiyyətlər arzulayıram. Ötən 20 il ərzində çox səmərəli fəaliyyətiniz, xüsusən 44 günlük Vətən müharibəsi zamanı qazandığınız tarixi Qələbə, keçən ay həyata keçirilən antiterror tədbirlərinin uğurla nəticələnməsi, prezidentlik fəaliyyətinizin 20-ci ildönümü günü – oktyabrın 15-də Xankəndi şəhərində və digər ərazilərdə Azərbaycanın Dövlət Bayrağını ucaltmağınız bir daha göstərdi ki, Sizin ölkəmizlə bağlı planlarınız, gördüyünüz işlər Vətənimizin inkişafına, xalqın xoşbəxtliyinə yönəlib. Hər dəfə bizi qürurlandıran çıxışlarınızı diqqətlə izləyir, Vətən, xalq sevginizi hiss edirik. Bu da təbii olaraq bizim Sizə olan sevgimizi sonsuz edir.

Cənab Prezident, Siz bu gün nəinki Sizi sevən Azərbaycan xalqının, eləcə də yaşadığım Almaniyada və mütəmadi səfərlərdə olduğum digər Avropa ölkələrində çevrəmdə olan akademik icmaların hörmət və rəğbət bəslədiyi bir Lidersiniz. Bu sevgini və hörməti Siz yüksək keyfiyyətləriniz, uğurlu fəaliyyətinizlə qazanmısınız. Bunun xaricdə hər dəfə canlı şahidi olmaq ürəyi daim Vətənlə döyünən biri kimi mənim üçün xüsusilə qürurvericidir.

Məhz siyasi müstəvidə dünyada göstərdiyiniz əvəzolunmaz liderlik bacarıqlarının nəticəsidir ki, bu gün akademik icmada öz dəsti-xətti ilə seçilən bir çox əcnəbi elm adamları hər zaman Sizin və Azərbaycanın yanında olmağa hazırdırlar. Onların ən böyük arzuları Azərbaycan xalqının dostu adına layiq addımlar atmaq və qüdrətli Azərbaycana mədəniyyət beşiyimiz olan Şuşadan, eləcə də Xankəndidən baxmaqdır.

Cənab Ali Baş Komandan, Azərbaycanımızı dünyada qalib ölkəyə, söz və nüfuz sahibinə çevirdiyinizə görə Sizə təşəkkür edirəm”.