Nuran Abdullayev: “Azərbaycan COP29-da dünyaya səs salacaq təkliflər irəli sürə bilər”

“Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Bakıda keçirilməsi Azərbaycana göstərilən böyük etimad nümunəsidir”.

Globalinfo.az xəbər verir ki, bunu Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universitetinin dosenti, tibb elmləri doktoru Nuran Abdullayev deyib.

Onun sözlərinə görə, burada xüsusi qeyd edilməli məqam isə etimadın bir istiqamətli deyil, çoxşaxəli olmasıdır ki, bu da Azərbaycanın böyük potensialından xəbər verir: “Bu şaxələrdən xüsusi vurğulanmalı biri də səhiyyə sektorudur. Ötən ilə nəzər salsaq, görərik ki, Dubayda təşkil edilmiş 28-ci sessiyada (COP28-də) 1995-ci ildən təşkil olunan sessiyalarda ilk dəfə bir yeniliyə imza atıldı. Belə ki, ilk dəfə olaraq İqlim konfransında səhiyyə sektoru və sağlamlıq üçün xüsusi bir gün ayrıldı. Bu da bir daha səhiyyə sektorunun və insanların sağlamlığına dair müzakirələrin, eləcə də bu istiqamətdəki problemlərin həllində yeni potensialların və yol xəritələrinin təqdim edilməsinin nə qədər önəmli olduğunu göstərir. Təbii ki, Azərbaycan da öz növbəsində COP29-da bu istiqamətdə dünyaya ciddi təkliflərlə çağırış edə və həll yollarını göstərə bilər.

Nəzərinizə çatdırım ki, keçən il Dubayda COP28 çərçivəsində təkcə iqlimin qorunması üçün deyil, eləcə də səhiyyə sistemlərinin inkişafına və sağlamlığın qorunması üçün müxtəlif təşkilatlar və dövlətlər böyük maliyyə vəsaitlərinin ayrılması öhdəliyini öz üzərlərinə götürmüşdülər. Belə ki, məsələn “The Globale Fond” QİÇS, vərəm xəstəliyi (Tuberkuloz) və Malyariyanın yayılmasının qarşısının alınması məqsədilə müxtəlif ölkələrin səhiyyə sistemlərinin lazımı səviyyəyə çatması üçün 300 milyon ABŞ dolları vəsait ayırıb. Düşünürəm ki, Azərbaycan da COP29-da məhz səhiyyə sektorundakı insan resurslarından da istifadə edərək yuxarıdakı istiqamətlərdə dünyaya səs salacaq təkliflər irəli sürməli, eləcə də həll yolları göstərməlidir. Bundan əlavə, iqlim dəyişikliyi kontekstində sağlamlığa dəyən bir çox qlobal əhəmiyyətli zərərlər var ki, bunlar COP tarixinə baxıldıqda kifayət qədər ciddi müzakirəyə çıxarılmayıb və məhz bunlardan bir neçəsini Azərbaycanın müzakirəyə çıxarması dövlətimizə göstərilən etimadın hər bir sahədə layiqli doğrulda biləcəyinin nümunəsi ola bilər”.