Nuran Abdullayev Almaniya siyasətçisinə Azərbaycan həqiqətləri barədə məlumat verdi

Almaniya Azərbaycanlıları Alyansının İdarə Heyətinin sədri Nuran Abdullayev Köln şəhər bələdiyyəsində Xristian-Demokrat İttifaqı (CDU) fraksiyasının sədri və Xristian-Demokrat İttifaqının İqtisadi Şurasının üzvü Bernd Petelkau ilə görüşüb.

Globalinfo.az  xəbər verir ki, görüş zamanı Almaniya Azərbaycanlıları Alyansının fəaliyyəti, gələcək əməkdaşlıq və birgə fəaliyyət planları barədə müzakirələr aparılıb. Almaniya-Azərbaycan münasibətləri, diplomatik nümayəndəliklərin və vətəndaş cəmiyyətlərinin bu əlaqələrin möhkəmləndirilməsində və inkişafında rolundan danışılıb.

Azərbaycan icmasının alman mətbuatında ölkəmizlə bağlı uydurma və qərəzli məlumatların dərc olunmasını, Azərbaycanın Qarabağ iqtisadi rayonunda aparılan lokal antiterror tədbirləri barədə birtərəfli reportajların yayımlanmasını pislədikləri vurğulanıb. Bu cür yanlış və əsasssız davranışın müxtəlif müstəvilərdə Azərbaycan-Almaniya münasibətlərinə mənfi təsiri edə biləcəyi, Almaniyanın vətəndaş cəmiyyətinə uğurla inteqrasiya etmiş azərbaycanlı icmaların və şəxslərin mövcud durumdan narahat olduqları və təəssüfləndikləri nəzərə çatdırılıb.

Qarabağ iqtisadi rayonunda lokal antiterror tədbirlərinə zəmin yaradan səbəblər barədə məlumat verilib. Zəngin multikultural dəyərlərə malik Azərbaycanın hər zaman sülh tərəfdarı olduğu, Almaniya rəsmi dairələrinin Azərbaycanın beynəlxalq hüquq çərçivəsində addımlar atması ilə bağlı mövqe açıqlamasının arzulandığı vurğulanıb.

Bernd Petelkau ölkəmizin zəngin milli mədəni irsi haqqında məlumatlı olduğunu bildirib, Almaniyada bu irsin tanınmasının böyük əhəmiyyətini vurğulayıb və bu istiqamətdə də əməkdaşlıq imkanlarından danışıb.

Görüşün sonunda Almaniya Azərbaycanlılar Alyansı adından alman siyasətçisinə Azərbaycanın mədəniyyət paytaxtı Şuşanın tarixindən və inkişafından bəhs edən “Şuşanın mirası” kitabı hədiyyə edilib.