“Novruz bayramından sonra Ruslan Pənahov hərbi xidmətə çağırılacaq” – Ekspert AÇIQLADI

Laçında əlverişsiz hava şəraitində azan Azərbaycan hərbçisi, Ruslan Pənahov martın 5-də Ermənistandan Bakıya gətirilib. O, martın ayının 21-i isə ailəsinə qovuşub. Bundan əvvəl əsirlikdən azad edilmiş iki hərbçimiz birbaşa evlərinə getdiyi halda Ruslanın 16 gün sonra ailəsinə təhvil verilməsi maraq doğurur.

Əsirlərin ölkəyə qayıdışından sonra hansısa yoxlama və s. kimi proseslər tətbiq olunur?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan hərbi ekspert Üzeyir Cəfərov deyib ki, Ruslan Pənahovun Ermənistandan Bakıya gətiriləndən sonra ailəsinə təhvil verilməməsinin səbəbləri var:

“Prosedur qaydalarına uyğun olaraq hüquq mühafizə və xüsusi xidmət orqanları müəyyən işlər aparır. Ruslanın səhhəti yoxlanılıb, sənədləşdirilib, ona göstərilən davranışlarla bağlı ifadəsi alınıb və s. Doğrudur, sıravi əsgərin bildiyi dövlət sirri yoxdur, amma istənilən halda qarşı tərəf üçün ailəsi, təlim-hərbi hissəsi, komandirlərin adları, Ermənistandakı hərbi hissədə vəziyyət, yemək-içmək, şərait kimi məsələlər maraq doğurur. Təkcə Azərbaycanda deyil, istənilən ölkədə əsirlərin geri qaytarılmasından sonra müəyyən yoxlama işləri aparılır”.

Hərbi ekspertin sözlərinə görə, daha əvvəl əlverişsiz hava şəraitində yolunu azaraq Ermənistan tərəfə keçən Aqşin Bəbirov və Hüseyn Axundov xidmət müddətləri başa çatdığı üçün birbaşa ailələrinə təhvil verildi:

“Ruslan Pənahovun isə xidmət müddəti başa çatmadığı üçün yenidən hərbi xidmətə çağırılacaq. Onun ailəsinə Novruz bayramında qovuşması qısa müddətli məzuniyyət kimi qəbul edilə bilər. Lakin bununla bağlı dəqiq məlumatı Müdafiə Nazirliyi verəcək”.

Safura Bənnayeva
Globalinfo.az