Novella Cəfəroğlu: “Hər kəs birdən azadlığa buraxıla bilməz”

 

Tanınmış hüquq müdafiəçisi Novella Cəfəroğlunun Globalinfo.az-a müsahibə verib. Müsahibəni təqdim edirik.

– Novella xanım, bu gün 10 dekabr – Beynəlxalq İnsan Hüquqlarının Müdafiəsi Günüdür. Sizcə, ölkəmizdə bu sahədə görülən işləri qənaətbəxş hesab etmək olarmı?

– Bu gün bütün dünya ölkələrində olduğu kimi ölkəmizdə də insan haqları arzu etdiyimiz səviyyədə deyil. Ona görə bütün dünya deyirəm ki, bu, təkcə ölkəmizə xarakterik vəziyyət deyil. Yəni digər ölkələrdə müşahidə etdiyimiz insan haqlarının pozuntuları ölkəmizdə də var.

Lakin geridə qoyduğumuz 30 il ərzində bu sahədə əlimizdən gələn işləri görürük. Mən xüsusilə 28 dekabr 2001-ci il tarixdə Milli Məclisi tərəfindən “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Konstitusiya Qanununun qəbul edilməsini və ümumilikdə bu aparatın yaradılmasını müsbət hal kimi qiymətləndirirəm. Biz neçə illərdir Ombudsman ilə işləyirik. Səbinə Əliyevanın təyinatı sonrası daha intensiv işlər görülməyə başlanıldı. Sevindirici haldır ki, bu gün Azərbaycanda insan haqlarının istiqaməti çox dəyişilib və şaxələnib.

–  Ölkəmizdə insan haqlarının istiqaməti çox dəyişilib və şaxələnib deyərkən nəyi nəzərdə tutursunuz?

– Bilirsiniz, bu gün dialoq mühiti şəffafdır. Azərbaycan Respublikasını Ədliyyə Nazirliyi ilə çox rahat işləyə bilirik. Bunun nəticəsidir ki, həbsxanalara gedib məhbuslar ilə rahat şəkildə görüşürük. Bundan başqa, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə dialoqdayıq. Lazım olduqda onlarla da telefon bağlantısı qurur, görüşə bilirik. Xüsusilə qeyd edim ki, bu gün biz Prezident Administrasiyası ilə dialoq qura, onlar ilə danışa bilirik. Bütün bunlar hamısı bu gün ölkəmizdə insan haqlarının qorunması ilə bağlıdır.

– Bəs Milli Məclisin deputatları ilə dialoq hansı səviyyədədir?

– Əlbəttə Milli Məclisin deputatları da insan haqları sahəsində çox aktiv şəkildə bizimlə çalışır. Misal üçün, millət vəkili Zahid Oruc. Biz nə zaman istəsək, onunla görüşür, insan haqları çərçivəsində danışa bilirik. Eynilə digər millət vəkilləri ilə də görüşə bilirik.

– Novella xanım, bildiyiniz kimi ölkəmizdə müəyyən vaxtlarda özəl günlərdə Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Sərəncam imzalayır. Ölkə başçısı tərəfindən əfv olunan şəxslərin siyahısında sizin də təklif etdiyiniz şəxslər olurmu?

– Əlbəttə. Misal üçün, Şəmsi Səmədzadə 22 il sonra məhz bizim təklifimiz əsasında azadlığa buraxıldı. Biz bu haqda ölkə başçısına birbaşa məktub yazmışdıq. Bizim cənab Prezidentə ünvanladığımız siyahı əsasında 10-15 nəfər azadlığa buraxılır. Onu da deyim ki, bizə köməklik çox olur. Prezidentin köməkçisi Hikmət Hacıyev, Prezidentinin Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev bizə çox kömək edir. Vasitəçilərin  olması çox vacibdir.

– Elə şəxs və ya şəxslər olubmu ki, azadlığa buraxılması üçün müraciət edəsiniz, lakin müraciətiniz cavabsız qalsın?

– Bilirsiniz hər kəs birdən azadlığa buraxıla bilməz. Bu gün 27 siyasi məhbus var ki, biz onların azadlığa buraxılmasını istəyirik. Onların içərisində jurnalistlər, həbs müddətinin böyük bir qismini çəkənlər var ki, onların buraxılmasını təklif etmişik.

Lakin onu da demək lazımdır ki, təkliflərimiz nəticəsində Gəncə və Tərtər hadislərinə yenidən baxıblar. Monitorinq Qrupunun hökumət qurumları il hazırda çox sıx əlaqələri mövcuddur. Bir qədər öncə də bu haqda bəhs etdim. Bu mənada deyə bilərəm ki, təkliflərimiz hər zaman nəzərə alınır. Əlbəttə təklif etdiyimiz hər kəs birdən-birə azadlığa buraxılmasa da bir çox halda nəzərə alırlar.

– Dediniz ki, təklifimizi nəzərə alıb Gəncə və Tərtər hadisələri ilə bağlı başladılan işlərə yenidən baxılıb. Bu yaxınlarda Tərtər işi ilə bağlı 19 nəfər azadlığa buraxıldı, 10 nəfər də bəraət aldı. Bu məsələdə sizin təklifiniz oldumu?

– Tərtər işi də daxil olmaqla siyasi və ya adi insanların azadlığa buraxılmasında dəstəyimiz var. Biz, bizə müraciət edən bütün insanların məsələsini araşdırıb, sonra instansiyalara yönəldirik. Bizə həbsxanalardan insanlar zəng edir, azadlıqları üçün müraciətlər edirlər. Bütün bu insanların xahiş və istəkləri ilə məşğul oluruq. Bu çox çətin, həm də şərəfli bir işdir. Az da olsa kiməsə köməyimiz dəyirsə, bundan çox xoşbəxt oluruq.

Turan Rzayev,

Globalinfo.az