432 güzəştli mənzilin seçimi başa çatdı

Mənzil İnşaatı Dövlət Agentliyinin 4 layihəsində – Hövsan Yaşayış Kompleksinin birinci mərhələsi, Hövsan Yaşayış Kompleksinin ikinci mərhələsi, Gəncə Yaşayış Kompleksi və Sumqayıt layihəsində yerləşən ümumilikdə 432 mənzilin güzəştli şərtlərlə satışı başa çatıb.

Globalinfo.az xəbər verir ki, ipoteka kreditindən istifadə etməklə, həm də öz vəsaiti hesabına ödəniş üsulu ilə “Elektron hökumət” portalı üzərindən “Güzəştli mənzil” sistemi vasitəsilə satışı prosesinə 16.12.2023-cü il tarixində saat 11:00-da başlanılmış və mənzillərin seçimi qısa müddətdə başa çatıb. 351 mənzilin artıq sifariş ərizəsi təqdim edilib.

Mənzillərin seçimi prosesi Mənzil İnşaatı Dövlət Agentliyinin inzibati binasında yaradılmış operativ qərargahda Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi və “AzinTelecom” MMC-nin və media nümayəndələrinin iştirakı ilə müşahidə edilib.

Seçim mərhələsi başa çatdıqdan sonra isə Mənzil İnşaatı Dövlət Agentliyinin nümayəndəsi “Güzəştli mənzil sistemində aparılan təkmilləşdirmə işləri və xüsusi proqram təminatları vasitəsilə mənzil seçiminin daha sürətli edilməsinin qarşısının alınması məqsədilə seçim prosesinə tətbiq edilən əlavə təhlükəsizlik tədbirlərini əyani olaraq nümayiş etdirilib.

Qeyd edək ki, gözləmə qaydasında mənzillərin seçimi isə 19 dekabr 2023-cü il tarixində saat 11:00-da başlayacaq vo 23 dekabr 2023-cü il tarixi saat 11:00-dək davam edəcək.

X X X

Bu gün Bakının Hövsan qəsəbəsində, eləcə də Sumqayıt və Gəncə şəhərlərində güzəştli satışa çıxarılan ümumilikdə 432 mənzilin seçim prosesi başlayıb.

Globalinfo.az xəbər verir ki, prosesin başlamasını Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) aparat rəhbəri Fərman Qurbanlı qurumun təşkil etdiyi brifinqdə elan edib.

Qeyd edək ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Zığ şossesi-Hava Limanı 12-ci km. “22” ünvanında yerləşən Hövsan Yaşayış Kompleksinin birinci mərhələsi üzrə 18 mənzil, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hava Limanı-Zığ şossesi 8-ci km, “10L” ünvanında yerləşən Hövsan Yaşayış Kompleksinin ikinci mərhələsi üzrə 379 mənzil, Gəncə şəhəri, Azərbaycan Bayrağı küçəsində yerləşən Gəncə Yaşayış Kompleksi üzrə 34 mənzil, Sumqayıt şəhəri, 41-ci məhəllə, Zəminə Həsənova küçəsində yerləşən Sumqayıt layihəsi üzrə 1 mənzil satışa çıxarılıb.

“Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”na uyğun olaraq gözləmə qaydasında mənzillərin seçimi 19 dekabr 2023-cü il tarixində saat 11:00-da başlayacaq və 23 dekabr 2023-cü il tarixi saat 11:00-dək davam edəcək.

Ölkə Prezidentinin 16 noyabr 2016-cı il tarixli 1113 nömrəli Fərmanına əsasən Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzillərin əldə edilməsi “Elektron hökumət” portalı üzərində (www.e-gov.az) “Güzəştli mənzil” sistemi vasitəsilə elektron qaydada həyata keçirilir. Yalnız “Güzəştli mənzil” sistemində elektron kabinetə sahib olmuş vətəndaşlar mənzil almaq hüququna malikdir. Elektron kabinetə sahib olmuş bütün vətəndaşlar qeydiyyat tarixindən və sıra nömrəsindən asılı olmayaraq mənzillərin seçimində bərabər hüquqa malikdir.

Bütün mənzillər tam təmirli, mətbəx mebeli, kombi isitmə sistemi (kombi cihazı daxil olmaqla), su, qaz və elektrik sayğacları ilə təmin edilmiş vəziyyətdə təklif olunur.

Bütün binalar Azərbaycan Respublikasının Dövlət Tikinti Normalarına (AzDTN) uyğun layihələndirilib və inşa olunub. Bununla bağlı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsinin müsbət rəyləri mövcuddur.

Mənzillərin satışı həm ipoteka kreditindən istifadə etməklə, həm də öz vəsaiti hesabına ödəniş üsulu ilə nəzərdə tutulub.

Hövsan Yaşayış Kompleksinin birinci mərhələsi üzrə:

1 otaqlı mənzillərin qiyməti – 32 725 manatdan,

2 otaqlı mənzillərin qiyməti – 42 415 manatdan,

3 otaqlı mənzillərin qiyməti – 57 120 manatdan başlayır.

Hövsan Yaşayış Kompleksinin ikinci mərhələsi üzrə:

Studio tipli mənzilin qiyməti – 34 085 manat,

2 otaqlı mənzillərin qiyməti – 49 028 manatdan,

3 otaqlı mənzillərin qiyməti – 61 897 manatdan,

4 otaqlı mənzillərin qiyməti – 83 895 manatdan başlayır.

Gəncə Yaşayış Kompleksi üzrə:

Studio tipli mənzillərin qiyməti – 29 623 manatdan,

2 otaqlı mənzillərin qiyməti – 47 940 manatdan,

3 otaqlı mənzillərin qiyməti – 61 668 manatdan,

4 otaqlı mənzillərin qiyməti – 81 685 manatdan başlayır.

Sumqayıt layihəsi üzrə:

3 otaqlı mənzilin qiyməti – 63 325 manatdır.

Mənzillərin satış qiymətinə ƏDV daxildir.

Mənzilə güzəştli ipoteka krediti vasitəsilə sahib olmaq istəyən vətəndaş minimal ilkin ödənişdən artıq ödənilən məbləğə görə, mənzilin satış qiymətini tam həcmdə öz vəsaiti hesabına birdəfəlik ödəyən vətəndaş isə bütün məbləğə əlavə 10 % endirim əldə edəcək.