Bakıya qarşı haqsız ittiham – “Bu qış şükür eləsinlər!”

Avropa Parlamentində keçirilən müzakirələrdə Azərbaycana qarşı məqsədli, sistemli şəkildə qarayaxma kampaniyaları aparılır. Bir çox iddialar səslənsə də, bunlardan biri diqqət çəkir. Söhbət Azərbaycanın Rusiya qazını guya Avropaya nəql etməsidir.

Maraqlıdır, bu iddia nə dərəcədə doğrudur? Rəsmi Bakı Rusiya qazını Avropaya nəql edir?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan millət vəkili, iqtisadçı ekspert Vüqar Bayramov deyib ki, bu qərəzli iddianı irəli sürənlərin heç birinin hər hansı faktı və real statistikası yoxdur:

“Məsələ ondadır ki, Azərbaycanın  Rusiya qazını Avropaya nəql etməsi reallığa əsaslanmır. Əvvəla ona görə ki, Rusiya-Ukrayna müharibəsindən öncə 2021-ci ildə Azərbaycanda qaz hasilatı 43.9 milyard kubmetr olub. Bu o deməkdir ki, hətta 2021-ci il hasilatı ilə də Azərbaycan Avropaya 12.0 milyard kubmetr qaz ixrac etmək imkanına malik ola bilirdi.

İndiki məqamda Azərbaycanın Rusiya qazına ehtiyacı yoxdur. Çünki 2022-ci ildə qaz hasilatı 46,7 milyard kubmetr olub və 2023-cü ildə hasilatın 48.7 milyard kubmetr olacağı gözlənilir. Bütövlükdə, 2017-ci ildən etibarən Azərbaycanın qaz hasilatı hər əvvəlki ilə nisbətən artıb və bu da imkan verir ki, Azərbaycan öz mənbələri hesabına Avropaya mavi qaz ixracatını artıra bilsin.

2022-ci ildə Azərbaycan cəmi 1 milyard kubmetr qaz idxal edib və onun cəmi 10.0 faizi Rusiyanın payına düşüb. İdxal isə birbaşa mübadilə məqsədi daşıyıb. Hasilat həcmini nəzərə alsaq, Azərbaycanın əvəzləmə istisna olmaqla idxala heç bir ehtiyacı yoxdur.

Vüqar Bayramov

“Şahdəniz 2”, “Abşeron” və yeni digər yataqların istifadəyə verilməsi növbəti mərhələdə Azərbaycana Avropaya qaz idxalını 2 dəfə artırmağa imkan verir. Bu isə o deməkdir, mövcud potensial daxili mənbələr hesabına mavi qaz ixracatını artırmaq üçün yetərlidir.

2023-cü ildə Azərbaycanın qaz ixracatının 24 milyard kubmetr olması gözlənilir ki, onun da yarısı Avropa İttifaqından kənarda yerləşən ölkələrə yönələcək. Bu isə o deməkdir ki, mövcud hasilat nəinki Aİ, hətta digər tərəfdaşların qaz istehlakına töhfə verməyə imkan verir.

Nəticə etibarilə 2022 və 2023-cü illərin qışında Avropanın enerji təhlükəsizliyinə dəstək verən Azərbaycanın töhfəsini qiymətləndirə bilməyən Avropa Parlamentinin bir sıra qərəzli üzvləri heç olmasa, bu qış istilikdən istifadə edəndə şükür etsinlər”.

Turan Rzayev
Globalinfo.az