Yeni münaqişə alovlanır – Asiyada nüvə savaşı başlayır?

Yanvarın 5-də yerli vaxtla saat 09:00-dan 11:00-dək Şimali Koreya ordusunun bölmələri ölkənin cənub-qərb sahillərində döyüş atışlı dəniz təlimləri keçirib. Bildirilib ki, dəniz qüvvələrinin döyüş atışlı təlimi ilin əvvəlindən bütün sərhəd bölgəsi yaxınlığında irimiqyaslı artilleriya atəşi və manevrlər həyata keçirən Cənubi Koreya ordusuna qarşı görülən cavabdır.

Şimali Koreya yanvarın 5-də səhər öz qərb sahillərindəki sulara 200-ə yaxın artilleriya mərmisi atıb. Buna cavab olaraq Cənubi Koreya Şimali Koreya istiqamətində 400-ə yaxın raket “göndərib”.

Maraqlıdır, Ukrayna-Rusiya və İsrail-HƏMAS müharibələrinin davam etdiyi bir zamanda Uzaq Şərq regionunda da Koreya müharibəsi başlaya bilər?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Əhəd Məmmədli deyib ki, 2024-cü il konfliktlər ili olacaq:

“Bu o deməkdir ki, mövcud münaqişələr müharibə fazasına keçəcək, dondurulmuş münaqişələr isə alovlanacaq. Belə olan təqdirdə Koreya münaqişəsinin də aktiv fazaya keçməsi təəccüblü deyil.

Ümumiyyətlə, Uzaq Şərq regionunda iki aktiv münaqişə var:

1. Koreya münaqişəsi;
2. Tayvan münaqişəsi.

Əhəd Məmmədli

Hər iki münaqişə fərqli motivli olsa da, pərdəarxasında Çin-ABŞ qarşıdurması yaşanır. Ona görə Cənubi və Şimali Koreya arasında lokal gərginlik yaşana bilər, lakin hərbi qarşıdurmaya keçəcəyini düşünmürəm. Çünki 2024-cü il həm də dünya ölkələrinin bir çoxunda seçki ilidir.

80-dən artıq ölkədə seçkilər keçiriləcək. Bunlardan ən mühümü isə ABŞ və Rusiyadakı prezident seçkiləridir. Yəni ən azından ABŞ seçki nəticəsi bəlli olmadan bu regionda müharibəyə icazə verməz. Bununla belə, kiçik qarşıdurmaların, güc nümayişinin şahidi ola bilərik”.

Turan Rzayev
Globalinfo.az