2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək. Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Prinsip etibarilə Azərbaycanda növbədənkənar prezident seçkilərinin keçirilməsində qeyri-adi heç nə yoxdur. Hətta bunun olacağı gözlənilirdi:
Birincisi, son zamanlar region ölkələrinin bir çoxunda növbədənkənar prezident seçkiləri keçirilib. Misal üçün, 12 mart 2022-ci ildə Türkmənistanda, 2022-ci ilin payızında Qazaxıstanda, 2023-cü il iyulunda isə Özbəkistanda növbədənkənar prezident seçkiləri təşkil edildi. Bu mənada rəsmi Bakının da analoji addımı atması təbiidir.
İkincisi, 2024-cü ilin dövlət büdcəsindən seçkilərin keçirilməsi və statistika tədbirləri üçün 110 milyon 935 min 344 manat ayrılıb. Bu fakt da növbədənkənar seçkilərin olacağına işarə idi.
Üçüncüsü, 2020-ci il sentyabrın 27-də başlamış Vətən müharibəsi Azərbaycanın tarixi qələbəsi ilə başa çatdı. 2023-cü il sentyabrın 19-20-də keçirilən lokal antiterror tədbirləri isə ərazi bütövlüyümüzün, suverenliyimizin tam bərpası prosesini tamamladı. Dünya təcrübəsində belə üstünlüyün seçki prosesində istifadə edilməsi təbiidir.
Dördüncüsü, növbədənkənar prezident seçkilərinin 2024-cü il fevralın 7-də keçirilməsi xüsusi məna kəsb edir. Belə ki, 2024-cü il martın 17-də Rusiyada, 2024-cü il noyabrın 5-də isə ABŞ-da prezident seçkiləri keçiriləcək. Hər iki seçkilər dünyanın diqqət mərkəzində olacağı üçün regiona diqqət azalacaq. Rəsmi Bakının iki supergücdən əvvəl seçki keçirməsi ölkəmizin yeni qloblal proseslərə hazırlığı baxımdan önəmlidir.
Ermənistanla Azərbaycan arasında Qarabağda münaqişəsi başa çatıb. Bu isə o deməkdir ki, Azərbaycanın daxili siyasi müstəvisinə təsir etmək istəyən qüvvələr aktivləşəcək. Əslində, bu proses bir müddətdir başlayıb. Prosesin dağıdıcı fəsadlarından sığortalanmaq üçün güclənmək şərtdir. Bu mənada atılan addım yerində və doğrudur.
Turan Rzayev
Globalinfo.az-ın siyasət yazarı