Azərbaycanlı iş adamının Norveçdə saxlanılma səbəbi bu imiş – Özü danışdı

“Dostlarımla görüşmək üçün Norveçə gedirdim. Sənədlərin yoxlanışı zamanı Azərbaycan tərəfindən 8 ildir İnterpol xətti ilə axtarışa verildiyim bildirildi”.

Bu sözləri Globalinfo.az-a açıqlamasında İnterpol tərəfindən axtarışda olduğu üçün Norveçdə saxlanıldığı deyilən azərbaycanlı Azər Kazım deyib.

A.Kazım polis tərəfindən saxlanıldıqdan sonra keçirilən məhkəmənin haqqında müsbət qərar verdiyini söyləyib:

“Normal şəkildə yoxlama həyata keçirildi və dünən məhkəmə baş tutdu. Nəticədə bəraətimə qərar verildi. Bütün beynəlxalq təşkilatın iştirakı ilə keçirilən məhkəmədə günahımın olmadığı bildirildi. Vəkillə təmin olundum. Dünən sərbəst buraxıldım və hazırda İsveçdə evimdəyəm”.

İllər öncə ölkəni tərk etdiyini bildirən A.Kazım İnterpola axtarışa verilməsinin səbəbinə aydınlıq gətirib:

“Mənim barəmdə yazmısınız ki, bankdan pul alıb, ölkədən qaçmışam. Bu, yalandır. Heç bir mənimsəmədən, atmaqdan, fırıldaqdan söz gedə bilməz. Aidiyyəti qurumlara sorğu verib, yoxlaya bilərsiniz. 2012-ci ildə Bakı Olimpiya Stadionunun tikintisində podratçı kimi çalışmışam. İşimin əvəzində ödənişimi ala bilmədiyim və məndən tələb olunan qeyri-rəsmi məbləği ödəməkdən imtina etdiyim üçün müəyyən təzyiqlərə məruz qaldım. Nəticədə 2014-cü ildə Azərbaycanı tərk etdim və 2 il İtaliyada siyasi mühacir kimi yaşadım. 2016-cı ildən etibarən İsveçə köçdüm. Burada məhkəmə haqqımdakı iddiaların əsassız olduğuna və mühafizəmin xüsusi təşkilinə qərar verdi. Həmçinin vaxtından əvvəl İsveç vətəndaşlığı aldım. 2015-ci ildə Yasamal Rayon Məhkəməsi mənə vergidən yayınma maddəsi ilə cinayət işi açıb və işi İnterpola verib”.

Avropaya hansısa müxalif siyasi partiyanın sənədləri ilə gedib-getmədiyi soruşduqda Azər Kazım bunları dedi:

“Heç bir siyasi partiya mənə arayış, bilet verməyib. Partiya üzvü deyiləm. Bu ölkələrdə mənə iş adamı olaraq sığınacaq verilmişdi. 2000-ci ildə Əbülfəz Elçibəy vəfat edənə kimi AXCP-nin üzvü olmuşam. Artıq 23 ildir partiyalılığım yoxdur”.

Qeyd edək ki, Azər Kazımlının saxlanılması haqda ilk məlumatı “Report” İnformasiya Agentliyi yaymışdı.

Ayşən Mustafa
Globalinfo.az