
Dünən axşam saatlarından Bakı və Abşeron yarımadasında başlayan, güclü küləklə müşayət olunan leysanla bağlı şəhər kommunal xidmətləri xüsusi gücləndirilmiş iş rejiminə keçib.
Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən Globalinfo.az-a bildirilib ki, bu gün səhər saat 10:00 üçün olan məlumata görə güclü külək nəticəsində şəhərdə 55 ağac sınıb, 15-dən çox ağacın budaqları qırılıb.
Birliyinin əməkdaşları tərəfindən qırılan ağaclar kəsilib, zədələnənlər budanıb, ərazi təmizlənib.
Hazırda birliyin mobil qrupları şəhərin müxtəlif ərazilərində gücləndirilmiş rejimdə işlərini davam etdirir.
***08:59
Bakıda müşahidə olunan güclü külək və yağış bəzi ərazilərdə fəsadlara yol açıb.
Globalinfo.az-ın məlumatına görə, paytaxtın Xətai rayonunda küləyin təsirindən ağac aşıb. Hadisə nəticəsində piyadaların hərəkətində müvəqqəti çətinliklər yaranıb.
Ağacın aşması zamanı xəsarət alan olmayıb, hər hansı nəqliyyat vasitəsinə və ya mülki obyektə ziyan dəyməyib.
Həmçinin paytaxtın Yasamal rayonu ərazisində, metronun “Nizami” metro stansiyası yaxınlığında ağac aşıb.
Hadisə nəticəsində avtomobillərin hərəkətində çətinlik yaranıb.



Safura Bənnayeva
Globalinfo.az