Niyazinin anım tədbiri keçirilib – FOTO

Bakıda SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, Azərbaycan və SSRİ Dövlət mükafatları, Beynəlxalq “Nehru” mükafatı laureatı, görkəmli bəstəkar və dirijor Niyazinin anım tədbiri keçirilib.

Globalinfo.az APA-a istinadla xəbər verir ki, Fəxri xiyabanda keçirilən anım tədbirində mərhumun yaxınları və sənət dostları ilə yanaşı, mədəniyyət və ictimaiyyət xadimləri iştirak edib. Çıxış edənlər Niyazi sənətinin böyüklüyündən və dünya musiqisinə verdiyi töhfələrdən danışıblar.

Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli Niyazi ilə bağlı xatirələrini bölüşüb: “20 avqust mənim üçün müqəddəs bir gündür. Niyazi həm böyük musiqiçi, həm də böyük insan idi. Xatırlayıram, bir dəfə rayonların birindən qayıdırdıq. Yolda pambıq tarlasında işləyən gənc xanımları görən Niyazi maşınları saxlatdı və orkestr ilə birlikdə onlara çölün düzündə konsert verdi. Niyazi üçün hər bir azərbaycanlı doğma idi və hər bir azərbaycanlı üçün Niyazi doğma olmalıdır”.

Qeyd edək ki, Maestro Niyazi 2 avqust 1984-cü ildə vəfat edib.