Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın tapşırıq və tövsiyələrinə uyğun olaraq Gəncə şəhərində mütəmadi vətəndaşlarla səyyar və fərdi görüşlər keçirilir. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Məhsəti qəsəbəsində yerləşən 21 nömrəli tam orta məktəbdə növbəti dəfə sakinlərlə görüşüb. Görüşdən əvvəl təhsil müəssisəsinin şəhid məzunlarının xatirəsinə yaradılan güşə ziyarət olunub, önünə tər çiçəklər düzülüb.
Globalinfo.az bildirir ki, qəbulda YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, bələdiyyə sədrləri, şəhərdə fəaliyyət göstərən idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.
Şəhər sakinləri onları narahat edən məsələləri gündəmə gətiriblər. Səsləndirilən müraciətlərdə işlə təminat, müalicə, mənzil növbəliliyi, qəsəbədə ATM-lərin sayının artırılması, fərdi yaşayış evin təmiri, torpaq sahəsi ilə təminat, maddi köməklik və digər məsələlər üstünlük təşkil edib.
Niyazi Bayramov sakinlərin səsləndirdikləri problemlərin qısa zamanda aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verib, bir çox məsələlər yerindəcə öz həllini tapıb. Digərləri isə araşdırılaraq, qanunamüvafiq qaydada həll edilməsi üçün qeydiyyata götürülüb.
Vətəndaşlar səyyar görüşdən razı qaldıqlarını bildirib, problemlərinin həlli istiqamətində göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.