Netanyahudan “Əl-Cəzirə” ilə bağlı tapşırıq: Telekanal bağlanır?

İsrailin Baş naziri Benyamin Netanyahu “Əl-Cəzirə” telekanalını bağlatdırmaq istəyir.

Globalinfo.az xəbər verir ki, bu barədə “RİA Novosti” hakim Likud partiyasının bəyanatına istinadən məlumat yayıb.

Məlumata görə, Netanyahu hakim koalisiyanın rəhbəri Ofir Katzı Qətərin “Əl-Cəzirə” telekanalının İsraildəki ofisini bağlamağa icazə verən qanun layihəsini təsdiq etməyə çağırıb.

“Qanun təsdiqləndikdən sonra Baş nazir Netanyahu “Əl-Cəzirə”nin ofisini bağlamaq üçün dərhal addımlar atacaq. Qanuna görə, telekanalın fəaliyyətinin İsrail dövlətinə ziyan vurması müəyyən edilərsə, bu zaman aidiyyatı strukturlara onların avadanlıqlarını müsadirə etmək səlahiyyəti veriləcək”, – məlumatda deyilir.

Qeyd edək ki, xarici televiziya kanallarının yayımının dayandırılması və ya medianın akkreditasiyasının ləğvi İsraildə hələ 2023-cü ilin oktyabrında hökumətin “dövlət təhlükəsizliyinə ziyan vuran” yayımçıların bağlanması üçün fövqəladə qaydaları təsdiqləməsindən sonra mümkün olub. Buna baxmayaraq indiyədək İsraildə xarici telekanalların heç bir nümayəndəliyi bağlanmayıb.

İsrail hökumətinin təhlükəsizlik bloku hesab edir ki, Qətərin “Əl-Cəzirə” telekanalının Qəzza zolağında baş verənlərlə bağlı yayımlanması ölkənin təhlükəsizliyinə ziyan vurur. Hökumət bu telekanalın İsraildəki ofisinin  bağlanması məsələsini dəfələrlə müzakirə edib. Lakin girovların mübadiləsi ilə bağlı aparılan danışıqlarda Qətərin rolunu nəzərə alaraq məsələni daim təxirə salıb.

Əliyar Xəlil
Globalinfo.az