serhed 154321

Azərbaycan Ordusunun əsgəri Nəsimi Rəhim oğlu Musayevin Ermənistan sərhədini keçməsi və sərhədin 20 km-liyində yerləşən Şəki kəndində saxlanılması İrəvanda narahatlıq doğurub.

Ermənistan hakimiyyəti sərhədlərin yüksək səviyyədə qorunmadığı, hətta sərhədi keçə bilən şəxsin ölkənin dərinliklərinə qədər irəlilədiyi, aidiyyəti qurumların isə yalnız bir evə girdikdən sonra onun barəsində xəbər tutmasına görə tənqid edilir.

Sözügedən hadisədən sonra Ermənistanda xüsusilə müxalif kəsim sərhədin gücləndirilməsi tələbi ilə çıxış edib. Təkliflərdən biri Avropa İttifaqı (Aİ) missiyasının fəaliyyətinin gücləndirilməsi, digəri isə əsgər çatışmazlığına görə sərhədə muzdluların gətirilməsidir.

Ermənistanın belə bir addım atması mümkündür? Bunun hansı nəticələri ola bilər?

Globalinfo.az-a danışan politoloq Züriyə Qarayeva deyib ki, əgər açıqlanan detallar təsdiqini taparsa, Ermənistanın sərhəd təhlükəsizliyi sistemində ciddi boşluqların mövcudluğu ilə bağlı müzakirələr güclənə bilər:

“İrəvanın ilk növbədə sərhəd müşahidə sistemlərini, patrul xidmətini, kamera və digər texniki nəzarət vasitələrini artırmağa çalışması mümkündür. Aİ-nin Ermənistandakı mülki missiyasının fəaliyyətinin genişləndirilməsi də siyasi müstəvidə gündəmə gətirilə bilər. Lakin nəzərə almaq lazımdır ki, Aİ missiyası hərbi sərhəd mühafizəsi funksiyasını yerinə yetirmir. Buna görə də İrəvan üçün əsas məsələ öz sərhəd və təhlükəsizlik strukturlarının imkanlarını gücləndirmək olacaq.

WhatsApp Image 2026 10 02 at 10.07.05

Əsgər Nəsimi Musayev

Əsgər çatışmazlığını kompensasiya etmək məqsədilə xaricdən muzdlu döyüşçülərin və xüsusilə terror təşkilatları ilə əlaqəli silahlı şəxslərin sərhəd bölgələrinə yerləşdirilməsi isə tamamilə başqa və son dərəcə təhlükəli ssenaridir. Hazırda belə bir addımın atılacağına dair təsdiqlənmiş fakt olmadan bunu Ermənistanın planı kimi təqdim etmək doğru olmaz. Ancaq belə bir praktikanın baş verməsi Azərbaycan–Ermənistan sərhədində təhlükəsizlik risklərini kəskin artırar, mümkün insidentlərin idarə olunmasını çətinləşdirər və sülh prosesinə ciddi zərbə vura bilər. Üçüncü ölkələrdən gətirilən nəzarətsiz silahlı elementlərin bölgədə peyda olması həm Ermənistanın öz təhlükəsizliyi üçün uzunmüddətli problem yarada, həm də sərhəddə kiçik insidentlərin daha geniş eskalasiyaya çevrilməsi ehtimalını yüksəldə bilər”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: