Nəqliyyatda gedişhaqqının artması 1 ailəyə neçəyə başa gəlir?

“Problem həm də ondan ibarətdir ki, bizdə ictimai nəqliyyatda gedişhaqqı bir dəfə üzərində hesablanır. Bu isə doğru deyil”.

Bu sözləri Globalinfo.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli gedişhaqqının artmasının əhalinin büdcəsinə təsiri haqda danışarkən deyib.

Natiq Cəfərli

O bildirib ki, mütləq şəkildə günlük, həftəlik, aylıq və illik gediş kartları olmalıdır:

“O zaman gedişhaqqı diferensial olaraq dəyişməlidir. Tələbələr və təqaüdçülər üçün də ayrıca kartlar olmalıdır. Problem də budur ki, bizdə belə bir mexanizm yaradılmayıb. Məcburən avtobus və metrodan istifadə edən insanlar eyni gedişhaqqını ödəməməlidirlər.

Onlar aylıq və illik biletlər alıb gediş-gəlişlərini belə təmin etsələr, bu, insanlara daha ucuz başa gələr. Hətta artırılmamışdan əvvəlki qiymətdən də ucuz olmalıdır. Bizdə təəssüf ki, belə diferensial və dünya ölkələrində qəbul olunmuş mexanizm yoxdur.

Təbii ki, bir gedişhaqqı üzərindən hesablayanda orta statistik Azərbaycan ailəsi üçün 10 qəpik artım nəqliyyat xərclərinin təqribən 30 faiz artımı deməkdir. Yəni istənilən halda 4 nəfərlik bir ailənin nəqliyyat xərcləri əgər 20 manat idisə, bu artıq 10-15 manat artmış olacaq. Bu nöqteyi-nəzərdən yanlışdır və vətəndaşların kifayət qədər narazılığına səbəb olur”.

Xalid Kərimli

İqtisadçı ekspert Xalid Kərimli isə bildirib ki, hökumətin hesablamasına görə, gedişhaqlarının 10 qəpik artırılması bir nəfər üçün orta hesabla ayda 6 manat artmış olacaq:

“Əgər bir nəfər üçün 6 manat artım olacaqsa, bu o deməkdir ki, dörd nəfərlik ailə üçün ay ərzində 24 manat təşkil edəcək. Təbii ki, ailədən-ailəyə də fərq var. Bu, sadəcə, ortalama rəqəmdir. Adam var ki, gündə 3 marşrut dəyişir. Onun üçün bu xərc daha çox olacaq. Hökumət isə dörd nəfərlik ailə üçün ortalama rəqəmin 24-25 manat olacağını düşünür. Burada söhbət nəqliyyat xərcindən deyil, artımdan gedir”.

Zaira Akifqızı
Globalinfo.az