Avrasiyanın xəritəsi yenidən cızılır, türk ölkəsi ön planda

“Nəqliyyat yolları Avrasiya bölgəsini şəkilləndirir, ölkələr nəqliyyat layihələrində iştiraka iddialıdırlar. Çünki bununla həmin ölkələrin strateji əhəmiyyəti və gəlirləri artır. Avrasiyada nəqliyyat şəbəklərinin əksəriyyəti mütləq Çindən başlanır və ya başlanacaq. Azərbaycan da “İpək yolu”nun üzərindədir. Zəngəzur dəhlizinin əhəmiyyəti də bundadır”.

Globalinfo.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.

O, Mərkəzi Asiya ölkələrinin liderləri arasında nəqliyyat yolları ilə bağlı dialoqun genişləndiyini bildirib:

“Türkmənistan Prezidenti Sərdar Berdıməhəmmədovun bugünlərdə Tacikistana səfəri və tacik həmkarı İmaməli Rəhmanla danışıqları nəqliyyat mövzuları ilə bağlı idi. Aşqabad Düşənbəyə Türkmənistanın Xəzər dənizindəki limanlarına çıxmaq təklifini verib. Türkmənistan Tacikistanla yeni nəqliyyat dəhlizi də yaratmaq istəyir. Dövlət başçıları Düşənbədə 23 sənədə imza atıblar. Liderlər Asiya, Avropa və Yaxın Şərqi birləşdirəcək ortaq infrasturkturun yaradılmasının vacib olduğunu bildirirlər. Bu o deməkdir ki, Türkmənistan və Tacikistan 3 qitəni birləşdirəcək nəqliyyat yollarının öz ərazilərindən keçməsinə ümidlidirlər. Onlar buna görə də əvvəlcə iki ölkə arasında ortaq infrasturktur formalaşdırmağa çalışırlar. Türkmənistan və Tacikistanın okeanlara birbaşa çıxışı olmadığından hər iki dövlət Xəzər dənizinin imkanlarından istifadə edəcəklər. Bu mənada Türkmənbaşı limanının əhəmiyyəti artıb”.

Elxan Şahinoğlu

Politoloq deyib ki, Azərbaycan Türkmənistanla Tacikistan arasında nəqliyyat layihələrinin icrasına maraq göstərir:

“Çünki həm Türkmənistan, həm də Tacikistan Avropaya Azərbaycan üzərindən çıxa və məhsullarını Bakı-Tbilisi-Qars dəmiryolu ilə çatdıra bilərlər. Azərbaycanın istər Türkmənistan, istərsə də Tacikistanla sıx münasibətləri var. Azərbaycan Prezidenti İlham Əliyevin bir müddət əvvəl Tacikstana rəsmi səfəri zamanı ortaq layihələr müzakirə olunmuşdu”.

Zaira Akifqızı
Globalinfo.az