2 75 scaled

İctimai nəqliyyat sahəsində yeni inteqrasiya prosesinə start verilib. “Bakı Metropoliteni” QSC yenidən strukturlaşdırılaraq metro, avtobus, tramvay və taksi xidmətləri vahid mərkəzdən idarə olunacaq. Paralel olaraq, ölkə üzrə yeni avtobusların alınması, metro intervalının azaldılması və yeni qatarların gətirilməsi istiqamətində genişmiqyaslı yenilənmə işləri aparılır.

Globalinfo.az xəbər verir ki, bunu “AZCON Holding”in icraçı direktoru Şahin Babayev “Report”a müsahibəsində bildirib.

Onun sözlərinə görə, “BakuBus” vasitəsilə daşınan sərnişinlərin sayı 38 faiz artaraq 203 milyon nəfərə çatıb. Bakı, NaxçıvanQarabağ üçün yüzlərlə yeni avtobus alınarkən, Gəncə şəhərində 280 avtobusdan ibarət yeni park istifadəyə verilib.

Şahin Babayev qeyd edib ki, hazırda Albalılıq avtobus parkı fəaliyyətə başlayıb, Naxçıvan avtobus parkının isə yaxın zamanda istifadəyə verilməsi gözlənilir. Bununla yanaşı, Xankəndi, Ağdam, Laçın, Cəbrayıl və Xırdalan depolarının tikintisinin ilin sonunadək tamamlanması planlaşdırılır.

Bakı Metropoliteni” QSC üzrə sərnişin axınının daha səmərəli idarə edilməsi üçün minimal hərəkət intervalı 2 dəqiqə 5 saniyədən 1 dəqiqə 45 saniyəyə endirilib. Bundan başqa, ötən il 30 müasir nəsil vaqon alınıb, 2030-cu ilədək isə 299 yeni vaqonun alınması nəzərdə tutulur”, – deyə o bildirib.

Müsahibədə qeyd olunub ki, dəmir yolu ilə sərnişin daşımaları 21 faiz artaraq 10,3 milyon nəfərə çatıb. Bakı-Tbilisi-Bakı sərnişin qatarının bərpası və 20 yeni sərnişin qatarının alınması planlaşdırılır.

Aviasiya sahəsində isə “Azərbaycan Hava Yolları” QSC tərəfindən prioritet reyslər üzrə uçuş tezlikləri artırılıb, icra olunan reyslərin və daşınan sərnişinlərin ümumi sayında yüksəliş müşahidə edilib. Gələcək dövrdə istiqamət sayının və reys tezliklərinin daha da genişləndirilməsi hədəflənir. Bu istiqamətdə 2025-ci ildə 2 ədəd yeni “Airbus A320 Neo” istismara verilib. 2026-cı il üçün isə ümumilikdə 8 ədəd yeni təyyarənin istismara daxil edilməsi nəzərdə tutulub. Bu tədbirlər vətəndaşların daha geniş istiqamətlər üzrə rahat və təhlükəsiz formada hava nəqliyyatı xidmətlərindən yararlanma imkanlarının artırılmasına yönəlib”, – Şahin Babayev əlavə edib. 

Paylaş: